Bu ilin fevralında Böyük Britaniyanın kiçik şəhəri olan Norzviçin yerli qəzetində “Azərbaycandan olan keçmiş səfir cinsi zorakılıqda ittiham olundu” adlı məqalə çıxıb. Məqalədə Çesirdəki müalicə müəssisəsi tərəfindən edilən müraciət əsasında Rafael İbrahimovun məhkəmə prosesi haqqında danışılırdı.
KONKRET.az demokrat.az-a istinadən xəbər verir ki, yazının qısa məğzi belədir ki, Azərbaycanın Böyük Britaniyadakı sabiq səfiri R.İbrahimov 2023-cü il dekabrın 5-də özünü pis hiss etdiyindən Çeşirdə yerləşən klinikaya müraciət edib. İddialara görə, onun davranışı “aqressiv” olub və müalicə müəssisəsində çalışan 3 tibb bacısı “cinsi zorakılığa” məruz qalıb.
Sözügedən məqalə Azərbaycanda da bir neçə nəşrdə çap olunub və müəyyən rezonans doğurub.
Bu iddianın bir tərəfidir. Bəs əslində ilyarım öncə Çeşirdə nə baş verib?
Məsələni tam aydınlaşdırmaqdan ötrü qarşı tərəfin də mövqeyini işıqlandırmaq qərarına gəldik.
Rafael İbrahimov yazılanlara şərh vermək istəməsə də, onun ailəsi məsələyə münasibətini bildirib. Məlum olub ki, sabiq səfirin ailəsi hadisələrin baş verdiyi müalicə müəssisəsinə qarşı iddia qaldırıb. 20 may 2025-ci ildə Britaniya Trubunal Məhkəməsi (HM Courts and Trubunals) Rafael İbrahimovun xeyirinə qərar qəbul edib.
“Fevralda Norzviç qəzetində məqalə çıxanda, biz – Rafaelin ailəsi, buna sakit yanaşdıq. Müalicə müəssisəsinin əməkdaşlarının yerli qəzetlə aşkar əlaqələri var və onların simpatiyası aydın görünür.
Ətraflı danışmadan Rafaelin günahsız olduğuna və bu işin absurd olmasına sizi inandırmaq istəyirik. Təəssüf ki, bu cəhd müasir dövrün “yeni normaları” adlandırıla bilər və çoxları mediada yayılan yalançı ittihamlarda əziyyət çəkir. Təəssüf ki, Rafael belə məsələlərdə ilk və son qurban deyil.
Lakin biz çox dərin narahatlıq keçirdik ki, “Norzviç” qəzetində çıxan məqalə Böyük Britaniyada heç bir nəşr tərəfindən dəstəklənmədiyi halda Azərbaycanın bəzi media orqanlarında həvəslə yayılıb. Və azərbaycanlı jurnalistlər məsələni dərindən araşdırmaq üçün nə Rafaelin özü, nə də onun yaxınları ilə əlaqə saxlayıblar. Biz yaxşı başa düşürük ki, Azərbaycanda çox saylı vicdanlı və peşəkar jurnalist var və onlar açıq şəkildə saxtalaşdırılmış bu hadisəni işıqlandırmaq istəməyiblər. Bu barədə biz çoxsaylı insanların, o cümlədən bizim tanımadığımız insanların rəylərindən qiymətləndirmə aparırıq.