Tiktokerin şantajla ondan 1 milyon aldığını iddia etdibackend

Tiktokerin şantajla ondan 1 milyon aldığını iddia etdi

Xəbər verdiyimiz kimi, “Bəniz” kimi tanınan tiktoker Aybəniz Xəlilova şantaja görə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində əvvəl həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən tiktokerin əməlindən əziyyət çəkən şəxs işin istintaqından narazıdır. Zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək işin nəzarətə götürülməsini xahiş edir:

“Xəlilova Aybəniz Səyyaf qızı məni rüsvay edəcəyi, şəxsi sirr təşkil edən məlumatları, gizli çəkdiyi foto və videoları internet resurslarında paylaşacağı ilə təhdid edərək bir ildən artıq müddət ərzində 836 min manatdan çox – 1 milyona yaxın pulumu hissə-hissə ələ keçirib.

Bununla da kifayətlənməyərək ailəmi təhdid etməyə başlayıb, azyaşlı uşaqlarımı güdüb üstlərinə maşın sürüb, bu kimi hərəkətləri ilə ailəmizə zülm yaşadıb. Mən Aybəniz Xəlilovanın bu qanunsuz hərəkətləri barədə 14.11.2024-cü il tarixdə Suraxanı Rayon Prokurorluğuna şikayət edəndən sonra Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət işi başlanıb.

Noyabrın 21-də Xəlilova Aybəniz Səyyaf qızı şübhəli şəxs qismində tutulub, 23-ü tarixində isə Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, həmin tarixdə onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib”.

Zərərçəkən iddia edir ki, Aybəniz görüşlərdə dəfələrlə vəzifəli şəxslərlə münasibətinin olduğunu deyib, ona heç kəsin, heç nə edə bilməyəcəyini bildirərək təsir edib:

“Mən indi başa düşürəm ki, onun sözlərində həqiqət var, bu yollarla Aybəniz Xəlilova Apellyasiya Məhkəməsinə də təsir edərək azadlığa çıxıb”.

X.Kərimov məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib:

“Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edirəm. Mənə kömək etməyinizi və həmin cinayət işini nəzarətə götürməyinizi xahiş edirəm. Hesab edirəm ki, əks halda tiktok və digər sosial şəbəkələrdə Aybəniz kimi şəxslərin cəzasız qaldığını görüb başqaları da onun kimi qanunsuz əməllərə yol verəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*