“OceanGate Expeditions” şirkətinin qurucularından biri, qəzada öldüyü güman edilən Stokton Raş daha əvvəl turistləri “Titanik”ə çatdıran “Titan” sualtı qayığının görüntülərini yayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, video ötən ilin yayında “YouTube”da yerləşdirilib.
Belə ki, videoda Stokton Raş ekspedisiyanın məqsədlərindən və bu tədqiqatın elm üçün əhəmiyyətindən danışıb.
Onun sözlərinə görə, qayıq karbon lifi və titandan hazırlanıb, pultla idarə olunur. İçərisində çox az yer var.
KİV-in məlumatına görə, “OceanGate” 2021-ci ildə “Titanik”ə ekspedisiyalar təşkil etməyə başlayıb.
Qeyd olunub ki, sualtı qayıqda bir yerin qiyməti 250 min dollar olub. Ümumilikdə bu illər ərzində 60-a yaxın müştəri və 15-20 tədqiqatçı şirkətin xidmətlərindən istifadə edib.
Xatırladaq ki, “Titan” sualtı qayığı ilə əlaqə iyunun 19-da dalışdan 1 saat 45 dəqiqə sonra itib. Qayıqda beş nəfər olub. Bunlar britaniyalı milyarder Hamiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud, onun oğlu Süleyman Davud, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş və fransız akvanavtı Pol-Henri Narqoletdir.
İyunun 22-də bir neçə gün davam edən axtarışlardan sonra “Titan”ın qalıqları tapılıb. Sualtı qayıqdakı bütün ekipajın öldüyü elan edilib.
İqbal Rzayev,
KONKRET.az