Tofiq Zülfüqarov: “Azərbaycan hamıya gücünü göstərəcək”backend

Tofiq Zülfüqarov: "Azərbaycan hamıya gücünü göstərəcək"

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinin müsahibəsi düşmən ölkədə əks-səda yaradıb. Müxtəlif siyasi dairələrdə müzakirə edilən məsələ Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası ilə bağlıdır. Səfirin “ABŞ Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin təhlükəsizliyinə inanır və ümid edir” ifadəsindən sonra ermənilər siyasi depressiyaya düşüblər.

Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov KONKRET.az-a açıqlama verib:

“Onlar deyirlər ki, beynəlxalq təminat olmalıdır. Beynəlxalq təminatı da ona görə arzulayırlar ki, istədikləri dəyişməz qalsın. Bu da bizə lazım deyil. Ermənilər istəyir ki, vasitəçilər elə etsin, Qarabağ Ermənistanın balaca oxşarı kimi qalsın. Təbii ki, bu, qəbuledilməzdir. Səfirin də bəyanatı məhz ona yönəlib. Əsas məsələ odur ki, o bölgə Azərbaycana məxsusdur. Və orada gedən proseslər Azərbaycan qanunlarına uyğun olmalıdır. Proseslərin gedişində isə qanun pozuntuları olmamalıdır.

Onlar elə hesab edir ki, Konqresdə erməni lobbisinin maliyyə təsirinə düşən hər kəsin dilindən səslənən bəyanat ABŞ-ın dövlət mövqeyi olmalıdır. Təbii ki, bu, ola bilməz. Hətta tarixdə ermənipərəst administrasiya kimi tanınan Bayden hakimiyyəti belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Deməli, səfirin bəyanatında təzə bir şey yoxdur. Sadəcə olaraq, erməni ictimaiyyəti reallıqdan uzaq mühitdə yaşayır. Real bəyanatla rastlaşanda elə təəccüblənirlər ki, guya onlara təzə bir şey deyirlər. Dünyanın bütün ölkələri daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bunlar hadisələrə hansı prizmadan yanaşırlar, özləri də başa düşmürlər.

Rusiyanın dəstəyi nəticəsində ermənilər işğal olunmuş əraziləri uzun müddət nəzarət altında saxlayıblar. Eyni zamanda inanıblar ki, onların istəyi, bacarığı, gücü nəticəsində nəyəsə nail olacaqlar. Amma belə deyil. Xaricdən dəstək olmasa, onlar heç kimdir, indi də bu reallığı görmək istəmirlər. Amma görəcəklər. Azərbaycan hamıya gücünü göstərəcək. Necə ki, müharibə vaxtı əsgərimiz sübut etdi ki, erməni ordusunun gücü sadəcə şişirdilib.

Gündə özlərinə müxtəlif adlar verirdilər – “pələnglər”, nə bilim nələr. Bunların hamısı illüziyadı, dağıldı, məhv olub getdi. Erməni ordusunda əsgərlərin təxminən 25-30 faizi fərarilik edib. Bu da reallıqdır. İndi ümid edirlər ki, kimsə gəlib bunları xilas edəcək. Xilas etmək deyəndə nəyi nəzərdə tuturlar? Erməni elitasının cəfəng, millətçi, populist, siyasi layihəsi – “miatsum” çoxdan iflasa uğrayıb”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*