Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib və bəzi məsələlərə aydınlıq gətirib. Cənab Prezidentin açıqladığı məsələlər erməni cəmiyyətində ciddi rezonans yaradıb.
Ermənistanda ciddi naraharlıq doğuran həmin söhbətlə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov KONKRET.az-a müsahibə verib.
-Tofiq müəllim, Prezident İlham Əliyevin söylədikləri Ermənistanda müzakirələrə səbəb olub və düşmən ölkədə narahatlıq yaradıb. Sizcə erməni cəmiyyətini narahat edən hansı məqamdır?
-Cənab Prezident və Ermənistanın Baş naziri danışıqlarda ümumi prosesdə olan məsələlərin nədən ibarət olduğunu açıqlayıblar. Azərbaycan hesab edir ki, məsələ təkcə bu və ya digər sənəddə deyil. Söhbət ondan gedir ki, ümumiyyətlə sülhə getmək sual altındadır. Hələ biz bilmirik Ermənistan cəmiyyəti sülhə getməyə hazırdır, yoxsa yox. Çünki erməni siyasi elitası müxtəlif dövrlərdə müxtəlif şüarlar səsləndirib, müxtəlif mövqe sərgiləyib. İndi isə Ermənistan cəmiyyəti öz konstitusiyasını dəyişdirməklə sülh istədiyini təsdiq etməlidir. Konstitusiyanın dəyişməsi referendum vasitəsi ilə həyata keçirildiyidən, istər-istəməz geniş ictimai diskusiya tələb olunacaq. Məhz bu diskusiya göstərəcək ki, cəmiyyət sülh istəyir, yoxsa hələ də revanş barədə düşünür. Hesab edirəm məsələ bununla bağlıdır. Çünki Ermənistan tərəfindən atılan ziddiyətli siyasi addımlar gərginlik yaradır. Sürətli silahlanma, müxtəlif sahələrdə düşmənçilk mövqeyinin sərgilənməsi də, bu gərginliyi bir qədər artırır.
-Prezident Azərbaycanla şərti sərhəddə yerləşdirilən Avropa müaşhidə missiyasının fəaliyyətinə toxunub və bildirib ki, Ermənistanın bu addımı bizim maraqlarımıza uyğun deyil. Azərbaycan liderinin müşahidə missiyası ilə bağlı fikirlərinə Ermənistanda niyə bu qədər aqressiv reaksiya verilir?
– Azərbaycanın mövqeyi tam məntiqlidir. Nəzərə alın ki, iki ölkə arasında danışıqlar gedir. Onlar da öz tərəflərinə hansısa digər qurumları cəlb etmək istəyirlər. Baxın görün, əslinə qalsa bu missiya Ermənistan ərazisində fəaliyyət göstərməlidir. Əgər belədirsə onda onların şərti sərhəddə fəaliyyət göstərməsi nə ilə bağlıdır. Axı məntiqə uyğun deyil . Tərəflər sərhəddin müəyyən olunması üçün danışıqlar aparırlar. Sərhəd müəyyən olunmadan isə arada Avropadan gəlmiş müşahidə missiyası dayanıb. Problem bundadır ki, dolayısı yolla onlar ermənilərin gələcək sərhəddə aid baxışlarına uyğun fəaliyyət göstərirlər. Bu isə bizi qane etmir və narazıyıq. Bu, bir başa danışıqlar prosesinə ziddir. Ona görə, Azərbaycan tələb edir ki, bölgədə ikinci, üçüncü oyunçular olmamalıdır. Deyirlər ki, Qərb missiyası olduğuna görə Azərbaycan ona qarşı çıxır. Amma Ermənistan dünyada hansı qüvvələr var hamısını dartıb gətirib sərhəddə. Bunun gələcəkdə necə olacağını özləri bilər, məsuliyyəti də özləri daşıyır. Amma indiki mərhələdə bir-biriylə düşmənçilk mövqeyində olan Qərb ölkələriylə Rusiya Ermənistanda fəaliyyət göstərir. Rus sərhədçiləri İran və Türkiyə sərhəddində, Qərb nümayəndələri isə Azərbaycanla sərhəddə binoklla ora-bura boylanır.
– Daha bir məsələ ATƏT-in Minsk qrupu ilə bağlıdır. Qarabağ münaqişəsi həll olunub və Paşinyan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edib. Bəs o zaman ATƏT-in Minsk qrupuna ehtiyac varmı?
– ATƏT-in Minsk qrupu özü-özünü çoxdan buraxıb. ABŞ bəyan edib ki, onlar Rusiya ilə eyni formatda işləmək istəmirlər. Bununla da məsələ bitib. Azərbaycan da öz mövqeyinə uyğun olaraq bəyan edib ki, bizə vasitəçilk lazım deyil və Minsk qrupunun fəaliyyətinə veto qoyub. İndi ermənilər də bu vəziyyəti görür və Paşinyan olmayan şeyi ləğv etmək istəyir. Bunlar yavaş-yavaş reallığa qayıdırlar.
Vəli Həsənoğlu,
KONKRET.az