Tomas de Vaal: “Uduzan təkcə Ermənistan olmadı”backend

Tomas de Vaal: "Uduzan təkcə Ermənistan olmadı"

Tomas de Vaal ingilis jurnalist, yazıçı, Qafqaz üzrə ekspert, “Karnegi” Fondunun tədqiqatçısı, “Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə yolu ilə” kitabının müəllifidir.

Dağlıq Qarabağdakı münaqişə postsovet məkanındakı digər münaqişələrdən nə ilə fərqlənir? Suriyalı muzdlular döyüşlərdə iştirak etdimi? Kim qazandı – Türkiyə, yoxsa Rusiya? Bölgənin məşhur tədqiqatçısı – politoloq Tomas de Vaal “Kavkaz.Realiti” nəşrinin bu və digər suallarını cavablandırır.

– Dağlıq Qarabağdakı münaqişə digər postsovet münaqişələrindən nə ilə fərqlənir? Məsələn, Çeçenistan, Dnestryanı, Abxaziya, Cənubi Osetiyadakı münaqişələrdən özünəməxsus fərqlilikləri varmı?

– Əlbəttə, hamısının ortaq cəhətləri var. Dağlıq Qarabağdakı müharibə həm də SSRİ-nin dağılmasının nəticəsi idi: yeni suveren dövlətlərdə muxtariyyət hüquqları, yeni şərtlərdə keçmiş muxtariyyətlərin rolu barədə mübahisə. Əsas problem ondan ibarətdir ki, SSRİ-nin dağılmasından sonra bu cür ciddi və mürəkkəb problemlərdə siyasi ünsiyyət mədəniyyəti olmayıb. Mübahisələr 1990-cı illərdə yalnız zorla həll edildi.

Azərbaycan və Ermənistan arasındakı mübahisələrin uzun tarixi var. Çeçenistan, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada bu, belə deyildi. Oradakı qarşıdurmalar mübahisəli ərazilərin bu respublikadakı mərkəzlə əlaqələrinin səviyyəsindən ibarət idi.

Bu illər ərzində hər iki dövlət birtərəfli qaydada münaqişənin həlli üçün məqbul variant tapa bilmədilər. Ona görə onların arasındakı mübahisə döyüş əməliyyatlarının intensivləşməsinə qədər – 2020-ci ilin sentyabrınadək davam etdi.

Həm də nəzərə alınmalıdır ki, Rusiya bu dəfə mərkəzə qarşı çıxan qüvvələri dəstəkləmədən fərqli bir mövqe tutdu. Rusiyanın uzun müddət Ermənistanın müttəfiqi hesab edilməsindən asılı olmayaraq, Moskva Bakı ilə möhkəm münasibətlər qurmağı bacardı. Bu, Rusiyanın postsovet məkanındakı digər qarşıdurmalardan fərqli olaraq yeni – balanslı bir mövqe tutduğunu göstərdi.

– Bəs Minsk qrupu?

– 1992-ci ildə Minsk Qrupu ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) nəzdində xüsusi olaraq yaradılmışdı. Bu qrup Dağlıq Qarabağdakı münaqişə də daxil olmaqla, heç bir mübahisəni həll etmək iqtidarında olmadığını ortaya qoydu.

– Niyə belə oldu?

– Dünyada həll olunmamış bir çox münaqişələr var. Məsələn, AB-yə üzv olan Kipr. Problem on illərdir mövcuddur. Pakistanla Hindistan arasındakı Kəşmir və ya İsrail-Fələstin münaqişəsini xatırlayın. Həqiqət budur ki, münaqişə tərəflərinin bir-birini başa düşmək, öz aralarında razılığa gəlmək istəyi yoxdursa, bu halda beynəlxalq qurumlar ədalətli müşahidəçi olaraq qalırlar. Bu halda əsas vəzifə əldə edilmiş sülhü maksimum dərəcədə qorumaqdır. Bunu Dağlıq Qarabağda da gördük.

Ermənistanla Azərbaycanın bir-biri ilə dialoq aparmaq təcrübəsi yox idi. Yalnız sovet dövründə onlar razılığa gələ bildilər. Lakin sonra müxtəlif səbəblərdən millətçilik toxumu səpildi və silahlı qarşıdurma başladı. İstənilən qarşıdurmada tərəflər cəmiyyət qarşısında məsuliyyətlərini anlamalı və sabahı düşünməlidirlər.

– Hərbi əməliyyatlar dövründə Suriyadan gələn muzdlular haqqında çox danışıldı. Bu muzdluların bölgədə olduqlarına dair qəti bir dəlil varmı?

– Bu, çətin bir mövzudur. İndiyə qədər – bölgədəki döyüş əməliyyatları bitdikdən sonra da Bakı suriyalı muzdluların cəlb edilməsi faktını rədd edir. Ancaq mənə elə gəlir ki, orada çoxları vardı. Suriyanın özünün məlumatlarına görə bu fikirləri deyirəm. Məsələn, Dağlıq Qarabağdakı münaqişə bölgəsində muzdluların olduğunu sübut edən 50 səhifəlik hesabat dərc olundu.

İndi ermənilər döyüş meydanındakı məğlubiyyətə cavabdeh axtarışındadır. Azərbaycanlılara məğlub olduqlarını etiraf etmək onlar üçün çətindir. Təxminən ilk müharibədəki mənzərəni görürük. Düzdür, o zaman azərbaycanlılar ermənilər tərəfindən məğlub olduqlarını etiraf etmək istəmirdilər və hər zaman məğlubiyyətə görə Rusiyanı günahlandırırdılar.

Ancaq bununla belə Azərbaycan Ordusu açıq şəkildə yeni döyüşlərə hazırlaşırdı. Üstəlik bu hazırlıq prosesində Türkiyə Azərbaycana əsaslı köməkliklər göstərdi.

Erməni komandanlığı müdafiə sistemlərinə güvənirdi. Ancaq Azərbaycanın istifadə etdiyi taktika göstərdi ki, bu cür münaqişələrdə bu strukturlar təsirsizdir, köhnəlmişdir.

Bu müharibədə mühüm amil qoşunların rotasiyası məsələsi idi. Ermənistan qüvvələri köhnə texniki təchizat və bəlli texniki hücum düşündüyü halda, Azərbaycan sürətlə və geniş miqyasda yerdəyişmələr imkanlarını tətbiq edirdi. Məsələn, bəzi bölgələrdə 44 günün hamısını rotasiya üçün gözləməyən əsgərlər var idi.

– Ermənistan xaricdəki diaspordan köməyə böyük ümid bəsləyirdi. Bu amil də ilk müharibədə əhəmiyyətli idi?

– Xarici diaspor mənəvi dəstək verdi. Ümidlər Fransa və ABŞ-dakı böyük diasporlara bağlandı. Bu ölkələrin hökumətlərinə təsir göstərə biləcəklərinə inanılırdı. Ancaq İrəvanda ABŞ-ın seçkilərlə məşğul olduğunu və Fransa Prezidenti Emmanuel Makronun pandemiya və terror təhdidlərinin nəticələrinə qarşı mübarizədə başı qarışdığını nəzərə almadılar. Əslində dünya birliyi bu müharibənin kənarında qaldı.

Və Azərbaycan Prezidenti İlham Əliyev bu nüansı çox yaxşı qiymətləndirdi. Bildi ki, əsas aparıcı dövlətlərin başı öz problemlərinə qarışıb.Təbii ki, Ermənistanın baş naziri Nikol Paşinyan da müəyyən bir məsuliyyət daşıyır. Bir atəşkəs bağlaya biləcəyi və həm Qarabağda, həm də ətrafındakı nəzarət edilən ərazilərin əksəriyyətini özündə saxlaya biləcək imkana malik idi. Ancaq müxtəlif səbəblərdən bu, edilmədi. Yerevanda problemin yalnız hərbi yolla həllinə sadiq qaldılar, nəticədə itkilər daha böyük  oldu.

– Deyə bilərikmi ki, Azərbaycanın qələbəsi Türkiyə ilə ittifaq sayəsində mümkün oldu?

– Bu, həm siyasi, həm də hərbi baxımdan çox əhəmiyyətli bir amildir. Əvvəllər bu dəstək tamamilə siyasi bir xarakter daşıyırdısa, bu müharibədə Ankaranın daha da irəli getdiyini, hərbi yardım təklif etdiyini görürük.

Bu münaqişədən əvvəl bir tarazlıq vardı. Rusiya Ermənistana, Türkiyə isə Azərbaycana kömək edirdi. Bu güc balansı əsasında bölgədə sülh 26 il qorundu. Türkiyə hərbi cəhətdən kömək etməyə başlayan kimi tarazlıq rəsmi Bakının xeyrinə pozuldu.

Azərbaycanla Türkiyə birliyinin qəribə özəllikləri var. Bu dövlətlərin bir şüarı var: “bir millət – iki dövlət”. Ancaq bu dövlətlərin başçıları arasında bir fərq var – Rəcəb Tayyib Ərdoğan İlham Əliyevdən daha çox islam hökmdarıdır. Və Qərbdə hər iki liderə çox etibar edilmir. Bu isə onları birləşdirdi.

Bununla yanaşı, Azərbaycan əhalisinin əksəriyyətinin şiə məzhəbi, Türkiyədə isə əksinə, sünni məzhəbi tərəfdarları olduğunu da nəzərə almağa dəyər.

– Azərbaycan və Ermənistan müttəfiqləri arasındakı mübahisədən danışsaq, kim daha çox qazandı – Ankara, yoxsa Moskva? Ərdoğan, yoxsa Putin?

– Hər ikisi də qalib oldu. Ərdoğanla Putinin telefonda nədən danışdıqlarını bilmək çox maraqlı olardı. Mən sanki rus çarının türk sultanı ilə təsir sahələrinin bölünməsi barədə danışdıqlarını hiss edirdim.

Düşünürəm ki, prezidentlərin hər birinin problemlə bağlı öz baxışı var. Amma hər ikisi bir-birini yaxşı başa düşür və ən əsası necə bazarlıq edəcəklərini bilirlər. Bu isə Qərb ölkələrinin liderləri üçün tipik olmayan bir şeydir. Putin və Ərdoğan üçün bu, işgüzar bir söhbət idi. Putin Azərbaycana qayıtmağı bacardı. Türkiyə isə İngiltərənin istəyi ilə yüz il sonra Qafqaza qayıtdı.

Ankaranın narazı qala biləcəyi yeganə şey onların Dağlıq Qarabağın özündə olması barədə razılığın olmamasıdır. Digər tərəfdən, onların Bakıdakı təsiri indi artacaq. Bu da gələcəkdə Azərbaycan hakimiyyəti üçün problemə çevrilə bilər. Həm Rusiya, həm də Türkiyə bu müharibəni qazandı və uduzanlar arasında təkcə Ermənistan deyil, həm də Qərb diplomatiyası oldu.

“Kavkaz.Realiti” qəzeti.

Tərcümə etdi: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*