ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzlə görüşdə Amerika qazı və neftinin tədarükünü artırmağı və bunu ABŞ və Aİ-nin hazırda müzakirə etdiyi ticarət sazişinə daxil etməyi təklif kimi səsləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Moscow Times” yazır.
Merzin Ağ Evə ilk səfəri zamanı ticarət razılaşması əsas mövzulardan biri olub. Trampın sözlərinə görə, o, ümid edir ki, bu, Amerikanın enerji ixracatının artmasına gətirib çıxaracaq və Merz də buna öz töhfəsini verəcək: “Bizim yaxşı ticarət müqaviləmiz olacaq. Demək istədiyim odur ki, bunu böyük ölçüdə Avropa İttifaqı müəyyən edəcək, amma siz bunun çox böyük bir hissəsisiniz”.
Prezident ABŞ-da enerji istehsalına dəstək verməyə və onlar üçün yeni bazarlar tapmağa çalışdığını vurğulayıb. “Bizim çoxlu neft və qazımız var” deyən Tramp onları “ticarət müqaviləmizin bir hissəsi” edəcəyinə ümid etdiyini bildirib.
2024-cü ildə Aİ ABŞ-dan təxminən 51 milyard kubmetr LNG alıb ki, bu da Avropanın LNG idxalının 45%-ni təşkil edib. ABŞ ən böyük təchizatçı idi. Rusiya LNG-nin yarısını (25 milyard kubmetr) satdı, lakin 2021-ci ildə onun boru kəməri qaz tədarükü 155 milyarddan 40 milyard kubmetrə düşdüyü halda, eyni dövrdə Aİ ölkələrinə LNG ixracı iki dəfə artdı.
Aİ 2027-ci ilin sonuna kimi Rusiyanın enerji mənbələrindən tamamilə imtina etməyi qarşısına məqsəd qoyub və Avropa Komissiyası müvafiq plan hazırlayır. Lakin bir sıra ölkələr buna müqavimət göstərir. Macarıstan və Slovakiya boru kəməri təchizatından imtina etmək istəmir, Fransa və Belçika isə AK-dən daha aydın hüquqi və iqtisadi əsaslandırmalar təqdim etməyi tələb edirlər.
Müşviq Tofiqoğlu
KONKRET.az