Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evə səfərləri çərçivəsində sülh sazişi imzalayacaqlar. Bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkəsi Truth Social üzərindən açıqlama yayıb.
KONKRET.az xəbər verir ki, Tramp paylaşımında qeyd edib:
“Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə mənə qoşularaq sülh sazişinin imzalanması üzrə rəsmi mərasimdə iştirak edəcəklər.”
Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edəcəyi günü səbirsizliklə gözlədiyini bildirib.
“Bu iki xalq uzun illərdir müharibə vəziyyətindədir və minlərlə insan həyatını itirib. Bir çox lider bu münaqişəyə son qoymağa çalışdı, lakin nəticəsiz qaldı,” – deyə o vurğulayıb.
ABŞ-ın hər iki tərəflə uzun müddətdir çalışdığını bildirən Tramp əlavə edib ki, Birləşmiş Ştatlar həm Azərbaycan, həm də Ermənistanla ikitərəfli razılaşmalar imzalayacaq. Bu razılaşmalar regionun iqtisadi inkişafı üçün əməkdaşlığı nəzərdə tutur:
“Beləliklə, biz Cənubi Qafqazın potensialını tam şəkildə üzə çıxara biləcəyik.”
Sonda Tramp bəyan edib: “Mən, Ermənistan və Azərbaycanın möhtəşəm xalqları üçün düzgün addım atan bu cəsur liderlərlə fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və BÜTÜN DÜNYA üçün tarixi bir gün olacaq.”
Müşviq Tofiqoğlu
KONKRET.az