Tramp onu vəzifəyə gətirir – “Azərbaycana təzyiqlar daha da artacaq”backend

Tramp onu vəzifəyə gətirir - "Azərbaycana təzyiqlar daha da artacaq"

Məlum olduğu kimi, ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp artıq öz komandasını formalaşdırmaq yolunda ilkin addımlarını atır. Belə ki, respublikaçı prezident ölkənin müdafiə naziri vəzifəsinə “Fox News” telekanalının aparıcısı və ABŞ ordusunun veteranı Pit Heqsetin namizədliyini irəli sürüb. Bundan başqa, amerikalı senator Marko Rubio da dövlət katibi vəzifəsinə əsas namizəd kimi göstərilib.

Xüsusilə Rubio anti-Azərbaycan mövqeyi ilə tanınır. Görəsən, belə yüksək vəzifəyə sözügedən şəxsin təyin edilməsi, ABŞ-nin Cənubi Qafqaz siyasətində hər hansı dəyişikliyə gətirib çıxara bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, Rabio ölkəmizə qarşı qəbul olunmuş bir sıra qətnamələrin həmmüfəllifidir:

“Qlobal media – “The New York Times”, “Politico”, “The Hill” və s. kimi mətbuat orqanları yazır ki, yeni seçilmiş prezident Donald Tramp senator Marko Rubionu dövlət katibi vəzifəsinə əsas namizəd olaraq görür. Bu şəxs ən qatı anti-Azərbaycan və pro-erməni mövqeyi ilə tanınır. Rubio ölkəmizə qarşı ABŞ Senatında qəbul edilmiş bir şıra qətnamələrə həmmüəlliflik edib, layihələrin irəli çəkilməsində rol oynayıb. Məsələn, 2023-cü ilin dekabrında Senatda qəbul olunan akta əsasən, bu ilin yanvarından ABŞ-nin Azərbaycana olan hərbi yardımı dayandırılıb. Qısası, 907-ci düzəliş bərpa edilib. Bu məsələ ilə bağlı Rubio o vaxtı belə bir sitat işlətmişdi: “ABŞ ölkə vergi ödəyicilərinin dollarlarını bölgəyə qeyri-sabitlik gətirən Azərbaycan üçün xərcləməməlidir””.

Ekspert bildirib ki, Qərbdə artan anti-Azərbaycan isteriyası ABŞ seçkilərindən sonra daha da güclənə bilər:

“Amerika Erməni Milli Komitəsinin (ANCA) də bəyan etdiyi kimi, Konqresdə yerlərin 90 %-ni, onların dəstəklədiyi, yəni pro-erməni namizədlər tutub. Həmçinin Tramp Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinə 2024-cü ilin əvvəlində prezident seçkilərinin başlanğıcında öz namizədliyini elan edən qatı erməniyönlü Vivek Ramasvamini təyin edib. Dövlət katibinin də Rubio olması ABŞ-də vəziyyəti Ermənistanın xeyrinə kəskin dəyişə bilər. Bu, Trampın ən son seçki bəyanatında Qarabağ ermənilərinin “məcburi köçü” barədə verdiyi açıqlamalardan da sezilirdi ki, qarşıdakı dövr ABŞ siyasətində Ermənistana dəstək artacaq. Ümumiyyətlə, qarşıdakı vaxtda hakim postda kimin olmasından asılı olmayaraq ABŞ-nin Ermənistana yardımları və ölkəmizə qarşı təzyiqlərin artacağı ehtimal olunur. Bu isə Azərbaycanın artan müstəqil siyasətinə “Qərbsayağı” cavabdır. Beləliklə, 2020-ci ildən öncə, yəni Trampın birinci prezidentlik dönəmində Cənubi Qafqaz siyasətində daha neytral siyasət yürütdüyü, onun ikinci dönəmində isə münasibətlərdə sərt ayırıcı xətlərin yarana biləcəyi ehtimal olunur”.

Məlik Məlikov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*