Tramp Putini “dost” adlandırırdı, bəs Bayden? – Amerika-Rusiya münasibətlərində yeni dönəm …backend

Tramp Putini “dost” adlandırırdı, bəs Bayden? – Amerika-Rusiya münasibətlərində yeni dönəm ...

Elxan Şahinoğlu: ” Trampdan fərqli olaraq, Baydenin lap əvvəldən Rusiyaya münasibəti tənqidi olub”

Pentaqonun yüksək vəzifəli rəsmilərindən birinin “Rusiya NATO müttəfiqləri üçün təhlükə yaradır” açıqlaması iki ölkə arasındakı münasibətləri yenidən gündəmə gətirib. Ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının yeni seçilən prezidenti Co Baydenin Rusiya ilə bağlı siyasətində hansı dəyişikliklər edəcəyi hər kəsdə maraq doğurur.

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, 2014-cü ilə qədər NATO və Rusiya  arasında münasibətlərdə elə də böyük gərginliklər yox idi: “Baxmayaraq ki, 2008-ci ildə Rusiya Gürcüstanla müharibəyə başladı, Abxaziya və cənubi Osetiyanı ilhaq etdi. Amma tərəfdaşlıq münasibətləri davam edirdi, dialoq platforması mövcud idi. Amma Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən və Dombassda separatçı bölgə yaradandan sonra, münasibətlər qırıldı. Çünki Rusiya qırmızı cizgiləri keçdi. Nəinki NATO, hətta Avropa İttifaqı ilə də münasibətlər gərginləşdi. Avropa İttifaqı artıq 7 ildir ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bunun başlanğıc nöqtəsi isə 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi oldu”.

Картинки по запросу "Elxan Şahinoğlu"

Elxan Şahinoğlunun sözlərinə görə, münasibətlər bu gün də çox gərgin olaraq qalır və sanksiyalar hələ də qüvvədədir: “NATO hələ də Rusiya ilə heç bir dialoqa getmir. Keçmiş Rusiya xəfiyyələrinin Avropa dövlətlərində müəmmalı şəkildə ölmələri, Navalnının zəhərlənməsi də Qərbdə ciddi narahatlıqlar doğurdu. Ona görə də, münasibətlər gərgin olaraq qalır və bunun yaxın vaxtlarda normallaşacağı real görünmür”.

Amerikanın Rusiya ilə bağlı siyasətinə gəlincə politoloq bunları söyləyib: “Donald Tramp hakimkyyətə gələndə Rusiya ilə münasibətlərin normallaşacağını vəd edirdi. Hətta Putini dost da adlandırırdı. Amma bütün bunlar alınmadı. Çünki Amerikada bütün məsələləri prezident həll etmir. Dövlət Departamenti, Konqres, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və digər qurumlar siyasətə təsir edə bilirlər. Trampdan fərqli olaraq, Baydenin lap əvvəldən Rusiyaya münasibəti tənqidi olub. Hələ Barak Obamanın hakimiyyəti dövründə vitse-prezident olaraq, Ukrayna mövzusuna cavabdeh idi və bu ölkəyə tez-tez səfərlər edirdi. Eyni zamanda Ukraynadan Rusiyanın ünvanına sərt tənqidi fikirlər səsləndirirdi. Ona görə də, Co Baydenin prezidentlik dövründə Rusiya-Amerika münasibətlərin normallaşacağı gözlənilmir. Doğrudur, Baydenin əsas hədəfi Çindir. Çünki Çin Amerika üçün daha böyük təhlükədir. Amma Rusiya ilə münasibətlərdə də gərginlik davam edəcək. Beləliklə demək olar ki, Rusiyanı yaxın vaxtlarda Avropa İttifaqı, NATO və Amerika ilə münasibətlərdə yenilik gözləmir”.

Müşviq Tofiqoğlu

KONKRET.az   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*