ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident seçiləcəyi təqdirdə hərbi yardımı dayandıraraq Ukraynanın işğalı ilə barışıb-barışmayacağı ilə bağlı sualı cavablandırıb.
KONKRET.az-ın məlumatına görə, Tramp problemin bu səviyyəyə qədər inkişaf etməyəcəyinə ümid etdiyini bildirib. O, bunu dövlət başçısının səlahiyyətlərini qəbul edənə qədər doqquz aydan çox vaxtın keçəcəyi ilə izah edib.
Tramp hesab edir ki, ukraynalılar çox cəsurdurlar, amma Rusiya Federasiyasının güclü ordusu var. Odur ki, danışıqlar yolu ilə güzəştin axtarılmasına ümid edir.
Ukraynadakı müharibənin onun üçün çox ağrılı olduğunu vurğulayan Tramp vurğulayıb ki, o, prezident olsaydı, Ukraynaya təcavüz baş verməzdi.
“Mən Putini çox yaxşı tanıyıram, yaxşı münasibətimiz var idi. Mən prezident olsaydım, o, heç vaxt genişmiqyaslı işğal qərarı verməzdi. Bizim həqiqi liderimiz olsaydı, o heç vaxt bunu etməzdi. Yadınıza salın, o, illərdir bunu etmirdi və bunu edəcəyi ilə bağlı real təhlükə yox idi. Mən o vaxt Putinlə bu mövzuda danışdım, dedim ki, sən bunu edə bilməzsən”, – deyə Tramp əlavə edib.
Qeyd edək ki, Rusiya Ukraynanın Donbas vilayətini və Krım yarımadasını 2014-cü ildə işğal edib. Amma 2017–2021-ci illərdəki prezidentlik dövründə Donald Tramp bu ərazilərin Ukraynaya qaytarılmasına nail ola bilməyib.
Xatirə SADİQ,
KONKRET.az