ABŞ Prezidenti Donald Tramp çoxsaylı təkliflərinə birini də əlavə edib. O Rusiya və Çinə hərbi büdcələrinin 50 faiz azaltmağı təklif edib. Ağ Ev sahibi bununla bağlı beynəlxalq konfrans keçirməyə hazır olduğunu bildirib. Tramp bundan başqa Moskva və Pekinə hərbi arsenallarını azaltmağı da təklif edib. Donald Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpin onun bu təklifini bəyəniblər. Halbuki, Putin və Tsinpin Trampın təklifini bəyəndiyinə dair açıqlama verməyiblər.
KONKRET.az xəbər verir ki, mövzunu şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu, indiki şərtlər altında mümkün deyil. Əksinə, Rusiya və Çin hərbi büdcələrini ildən-ilə artırırlar.
“Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə hərbi xərclərini daha da artırıb. Eləcə də hərbi-sənaye kompleksinə yeni sifarişlər verib, Çin isə Hind və Sakit Okean bölgəsində hərbi gəmilərinin sayını artırıb. Putin və Tsinpin yalnız o şərtlə Trampın təklifin qəbul edə bilər ki, ABŞ-la yanaşı Vaşinqtonun müttəfiqləri də hərbi büdcələrini azaltsınlar. Digər tərəfdən, ABŞ öz tərəfdaşları olan Hindistan, Avstraliya və Yaponiya ilə birgə QUAD təşkilatını gücləndirib. Bu təşkilat çərçivəsində 4 ölkə arasında hərbi əməkdaşlıq genişlənib, bölgədə birgə hərbi təlimlər keçirilir. Pekin QUAD təşkilatını Çin üçün təhlükə kimi qiymətləndirir. Aydındır ki, Pekin Vaşinqtondan QUAD təşkilatının buraxılmasını tələb etsə, Donald Tramp Çin hakimiyyətinin bu istəyini yerinə yetirməyəcək. Bir neçə gün əvvəl Çinin qırıcı təyyarələri Cənubi Çin dənizinin hava sahəsində Avstraliyanın təyyarəsinə yaxın məsafədə uçuşlar həyata keçirib. Avstraliyanın müdafiə naziri Riçard Marles mövcud vəziyyətdən narahatlığını bildirib. Çin Xarici İşlər Nazirliyi isə əksinə Avstraliya təyyarəsini Çinin hava məkanına “qəsdən müdaxilə etməkdə” və milli təhlükəsizliyinə “təhdiddə” günahlandırıb. Belə vəziyyətdə Çinin hərbi büdcəsini azaldacağını gözləmək mümkün deyil”.
Politoloq əlavə edib ki, Tramp telefonla Vladimir Putin və Si Tsinpinlə ayrılıqda danışsa da, Moskva və Pekinin Ağ Ev sahibinə etibarı yoxdur:
Təsadüfi deyil ki, Rusiya Senatının üzvü, Kremlə yaxınlığı ilə bilinən Aleksey Puşkov Donald Trampın Rusiya ilə Çin arasında ittifaqı pozmağa çalışdığını deyib. Puşkov bunu ona görə qeyd edib ki, Tramp Rusiyanı “böyük səkkizlərin” (G8) sırasına qaytarmaq istəyir. Tramp həqiqətən vaxtilə Rusiyanın “böyük səkkizlərdən” çıxarılmasını səhv qərar olaraq adlandırıb. Həmin qrupda Çin yoxdur. Buna görə də Puşkov hesab edir ki, Tramp Rusiyanı Çindən uzaqlaşdırmaq niyyətindədir. Məntiq ondan ibarətdir ki, Rusiya-Çin ittifaqı həqiqətən ABŞ üçün təhlükə mənbəyidir. Vaşinqton bunlardan birini mümkün qədər öz tərəfinə çəkməyə çalışmalıdır. Donald Tramp Rusiyanı seçib. Onun rəqibi isə Çindir”.
Müşviq Tofiqoğlu
KONKRET.az