ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Britaniya şahzadəsi Harrini yaxın bir neçə ay ərzində ölkədən deportasiya edə bilər.
KONKRET.az xəbər verir ki, bu fikri “Heritage Foundation” analitik mərkəzinin nəzdində fəaliyyət göstərən Marqaret Tetçer adına Azadlıq Mərkəzinin direktoru Nayl Qardiner “The Daily Express”ə müsahibəsində deyib.
Qeyd edək ki, “Heritage Foundation” 2023-cü ildən bəri şahzadə Harrinin ABŞ vizası üçün müraciət edərkən narkotik tarixçəsini açıqlayıb-açmadığını açıqlamağa çalışır.
Bu məlumatların gizlədilməsi sənədlərin verilməsindən imtina üçün əsas ola bilər.
2023-cü ilin iyununda ABŞ Daxili Təhlükəsizlik Departamenti “Heritage Fondu”nun Kaliforniyaya köçmüş şahzadə Harrinin immiqrasiya sənədlərini açıqlamaq tələbini rədd edib.
“Biz onun immiqrasiya ərizəsini verərkən dürüst olub-olmadığını bilmək istəyirik. Əgər kimsə ABŞ-ın immiqrasiya ərizəsində yalan ifadə verirsə, bu, cinayət məsuliyyətidir və həmin şəxs ABŞ-dan deportasiya edilir. Biz xahiş edirik ki, bu məlumat açıqlansın ki, ABŞ ictimaiyyəti Harrinin immiqrasiya sənədlərində nə olduğunu dəqiq görə bilsin. Əgər onun qorxacağı bir şey yoxdursa, o, bu məlumatın açıqlanmasını dəstəkləməlidir” deyə Qardiner bildirib.
Onun sözlərinə görə, ərizəsində yalan danışdığı aşkar edilərsə, şahzadə Harri tez bir zamanda ABŞ-dan deportasiya edilə bilər.
“Sənədlər iki il ərzində istənilən vaxt açıqlana bilər. Ümid edirəm ki, bu, yaxın bir neçə ay ərzində baş verəcək. Düşünürəm ki, prezident Tramp bu sənədlərin açıqlanması barədə göstəriş verəcək. Onun bunu etmək səlahiyyəti var”, – ekspert vurğulayıb.
KONKRET.az