ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə görüş keçirib.
Zelenski görüşdə Ukraynada seçkilərin keçirilməsinə hazır olduqlarını açıqlayıb. Ancaq hərbi əməliyyatlar davam edərkən bunun mümkün olmadığını deyib.
Tramp isə həmkarına cavabında zarafatla “Mən də 3 ildən sonra seçkiləri ləğv etməyə çalışacağam” sözlərini işlədib. Maraqlıdır, Trampın seçkiləri ləğv etməklə bağlı zarafatının arxasında hansı siyasi mesajlar gizlənir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov hesab edir ki, Tramp bundan əvvəlki müsahibələrində də göstərib ki, hakimiyyətdə daha çox qalmaq istəyir. Hətta ABŞ-da poçt vasitəsilə səsvermənin ləğv olunmasını da təklif edib. Bu, gələcəkdə seçki islahatları ilə bağlı addımların atılacağına işarədir. Çox güman ki, Tramp poçt səsverməsini ləğv etməklə yanaşı prezidentlik müddətinin uzadılması və ya dəfələrlə seçilmək imkanlarını da gündəmə gətirə bilər”.
Ekspertin sözlərinə görə, Trampın zarafatı əslində onun siyasi planlarını ifadə edir:
“Əsas mesaj ondan ibarətdir ki, Tramp növbəti seçkilərə qədər öz hakimiyyətini möhkəmləndirmək üçün uyğun qanunverici baza formalaşdırmağa çalışacaq. Yəni bu zarafatın arxasında real siyasi niyyətlər gizlənir”.
Aynurə İsmayıl
KONKRET.az