ABŞ prezidenti Donald Tramp, sosial şəbəkə platforması Truth Social-da verdiyi açıqlamada ölkədə yeni və dəqiq əhali siyahıya alınmasının başlanacağını elan edib.
KONKRET.az xəbər verir ki, Tramp qeyd edib ki, Ticarət Nazirliyinə dərhal yeni siyahıyaalma prosesinə başlamaq tapşırılıb:
“Ticarət Nazirliyinə yeni və maksimum dəqiq əhali siyahıyaalmasının başlanmasını tapşırdım. Bu siyahıyaalma müasir məlumatlar və rəqəmlərə əsaslanacaq, həmçinin 2024-cü il prezident seçkilərinin nəticələri və əldə edilən informasiyalar nəzərə alınacaq.
Ən vacibi isə odur ki, ölkəmizdə qeyri-qanuni şəkildə yaşayan şəxslər siyahıya daxil edilməyəcək. Diqqətinizə görə təşəkkür edirəm!”
Trampın bu açıqlaması artıq ölkədə siyasi və hüquqi müzakirələrə səbəb olub. Tənqidçilər bu addımı konstitusiyaya zidd və miqrantlara qarşı ayrı-seçkilik kimi qiymətləndirirlər. Tramp tərəfdarları isə ədalətli təmsilçilik və dəqiq statistika üçün vacib addım olduğunu bildirirlər.
Qeyd edək ki, ABŞ-da əhali siyahıyaalması konstitusiyaya əsasən hər 10 ildən bir aparılır. Lakin Tramp administrasiyası bu prosesi daha tez və fərqli prinsiplərlə yenidən təşkil etməyə çalışır.
Müşviq Tofiqoğlu
KONKRET.az