Trampın İranda “Blitskriq” fiaskosu: Neft bazarı və milyardların müharibəsi – ŞƏRHbackend

Trampın İranda "Blitskriq" fiaskosu: Neft bazarı və milyardların müharibəsi - ŞƏRH

ABŞ-ın İrana qarşı başlatdığı hərbi kampaniya gözlənilməz iqtisadi manevrlərlə müşayiət olunur. Vaşinqton administrasiyası tarixdə ilk dəfə olaraq öz hərbi rəqibinə dolayı yolla birbaşa maliyyə yardımı göstərərək, İran neftinə tətbiq edilən sanksiyaları bir aylıq müddətə ləğv edib. Bu addım Tramp administrasiyasının İranda “ildırımsürətli müharibə” planlarının iflasa uğramasının və Tehranın Fars körfəzindəki enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində dağılan qlobal neft bazarını “təmir etmək” cəhdinin göstəricisidir.

KONKRET.az xəbər verir ki, sanksiyaların müvəqqəti yumşaldılması Tehrana nəhəng maliyyə imkanları qazandırır. Belə ki, dənizdə gözləyən təxminən 140 milyon barel İran neftinin leqal satışı 90 dollarlıq qiymətlə ölkəyə 10,8 milyard dollar gəlir gətirə bilər ki, bu da İranın illik hərbi büdcəsinə bərabərdir. Eksport həcminin gündəlik 2,13 milyon barelə çatacağı təqdirdə isə Tehranın gəliri 15 milyard dollara qədər yüksələ bilər. Lakin bu vəziyyətdən ən böyük qazancı Rusiya əldə edir. Keln İnstitutunun hesablamalarına görə, əgər müharibə sentyabr ayına qədər uzanarsa və neftin qiyməti 150-200 dollar civarında qərarlaşarsa, Moskva təkcə neft-qaz ixracından ilin sonuna qədər 386 milyard dollar qazana bilər.

Bu iqtisadi mənzərə fonunda Tehran ABŞ ilə hər hansı danışıqlara getmək niyyətində olmadığını nümayiş etdirir və Hörmüz boğazının açılmasını müzakirə mövzusu belə etmir. İranın raket və dron arsenalının tükənməməsi, üstəlik Rusiya və Çin kimi ölkələrdən gələ biləcək potensial dəstək Tehranın müqavimət gücünü artırır. Trampın ziddiyyətli bəyanatları isə bazarlardakı panikanı yatıra bilmir; investorlar cəmi 5-8 minlik dəniz piyadası ilə İranın işğalının qeyri-mümkün olduğunu anlayırlar. Hətta ABŞ İran neftinin 90%-nin keçdiyi Xark adasını ələ keçirsə belə, bu, Hörmüz boğazını blokadadan çıxarmayacaq, əksinə, Amerika kontingentini İran sahillərindən gələn dron hücumları üçün asan hədəfə çevirəcək.

Digər tərəfdən, İranın Hind okeanındakı Dieqo-Qarsiya bazasına uğursuz olsa da, simvolik zərbə cəhdi Tehranın 4 min kilometr mənzilli ballistik raketlərə sahib olduğunu dünyaya nümayiş etdirdi. Trampın “qələbə” elan edib geri çəkilməsi isə ABŞ-ın İkinci Dünya Müharibəsindən bəri Yaxın Şərqdə qoruduğu ‘təhlükəsizlik qarantı’ rolunun tamamilə sıfırlanması və Tehranın regionda mütləq hegemonluğunun təsdiqi demək olacaq. Trampın əsas hədəfi isə Venesuelada olduğu kimi İranın nəhəng neft-qaz yataqlarını tam nəzarətə götürməkdir, lakin hazırkı gedişat ABŞ-ın bölgədəki təsirinin tamamilə yox olması təhlükəsini yaradır.”

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*