Arman Babacanyan “Facebook” səhifəsində yerləşdirdiyi videoda kiçik Donald Trampın noyabrın 12-nə planlaşdırılan Ermənistan səfərinin ləğv edildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
O, Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın tanınmış amerikalı jurnalist Taker Karlsonla müsahibəsindən sonra Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə hücumu ilə bağlı xəbərin ABŞ-nin mühafizəkar dairələrində çaxnaşmaya səbəb olduğunu iddia edib.
Ermənistanın “Past” qəzeti səfərin təşkilatçısı kimi Ermənistanın ABŞ-dəki yeni səfiri, keçmiş əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın adını çəkir. Sentyabrda Vaşinqtona gəldikdən sonra o, ABŞ-Ermənistan əlaqələrini gücləndirmək ambisiyasını bəyan edib.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidentinin böyük oğlu Donald Trampın noyabrın 12-də Ermənistana səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı. Səfər zamanı o, Nikol Paşinyan və Anna Akopyanın təşəbbüsü ilə təşkil edilən və kiçik Trampla Nikol Paşinyan arasında da görüşün planlaşdırıldığı qondarma dua səhər yeməyində iştirak etməli idi.
