Turançılıq simvollarının təbliği də cinayət sayılacaq? – Cinayət Məcəlləsinə edilən dəyişikliklərin ŞƏRHİbackend

Turançılıq simvollarının təbliği də cinayət sayılacaq? – Cinayət Məcəlləsinə edilən dəyişikliklərin ŞƏRHİ

Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü ildə imzaladığı, 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.

Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.

Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə üzləşəcək.

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Əkrəm Həsənov dəyişikliyi yüksək qiymətləndirdiyini deyib:

“Cinayət Məcəlləsinə belə bir maddənin əlavə edilməsi vacib idi. Çünki hər bir dövlət üçün bir nömrəli təhlükə onun ərazi bütövlüyünə qəsddir. Bu qəsdlər hər zaman ideologiya, simvol, atributlardan başlayır. Hesab edirəm ki, bu kimi təhlükələri beşiyindəcə boğmaq lazımdır. Azərbaycan da bu kimi təhlükə və təhdidlərdən sığortalanmayıb. Məsələn, ölkənin şimalında müəyyən ləzgi qruplaşmalarının, cənubda talış separatizminin alovlandırılmasına cəhdlər edilib və bunların qarşısı da alınıb. İndi Azərbaycanda Turan dövlətinin qurulması ideyası təbliğ olunur. Azərbaycanın milli ideologiyası isə azərbaycançılıqdır. Ona görə də bu ideologiyaya zidd olan istənilən bir fikrin qarşısı alınmalıdır”.

Hüquqşünas Şamil Paşayev isə bildirib ki, bu kimi əməllərin arxasında xarici təşkilatlar durur:

“Xarici qüvvələrin tapşırığı ilə ölkədə təxribatların törədilməsinə cəhdlər edildiyini görürük. Bu kimi hansısa bayraqlar, gerblər, simvollar adətən sosial media üzərindən paylaşılmağa çalışılır. Həmin əməllərin cinayət hesab edilməsi Azərbaycanın ərazi bütövlüyünün bölünməzliyini bir daha xatırlatmaq üçün effektiv addım olacaq”.

Fatimə Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*