İyulun 6-da Türk dünyasının mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü yeni çağırışlarla yadda qaldı.
Türk respublikalarının Vahid investisiya Fondunun, Vahid Bankının yaradılması, Türk dövlətlərinin dünya bazarına “Made in Turan” brendi ilə çıxması, Türk coğrafiyasında vahid valyutanın yaradılması ideyaları təkcə cəlbedici çağırış kimi qəbul edilmədi, bu həm də dünyada yeni güc mətkəzinin təşəkkülü kimi nəzərdən keçirildi.
Xatırladaq ki, Türk dövlətlərinin çox böyük iqtisadi potensialı var. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin birgə ümumdaxili məhsulu 1 trilyon ABŞ dollarından çoxdur. Genişlənməkdə olan bazara və sayı 150 milyondan artıq olan insan resursuna malikdir. Ümumilkdə, Türk dövlətlərinin Avrasiyada həm coğrafi baxımdan, həm iqtisadi güc baxımından, həm də siyasi baxımdan çox böyük təsie imkanları var.
Maraqlıdır, Türk dövlətlərinin vahid valyutaya keçidi nə dərəcədə realdır?
Mövzunu KONKRET.az-a şərh edən millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov Türk dövlətlərinin iqtisadi inteqrasiyasının praktik olaraq genişləndiyini və prosesin dönməz xarakter aldığını deyib:
“Biz Şuşa şəhərində keçirilən Zirvə toplantısında qəbul edilən Qarabağ bəyannaməsində bu istəyi açıq şəkildə gördük. Təsadüfi deyil ki, Türk dövlətləri arasında əlaqələrin dərinləşməsində hər bir üzv ölkə maraqlıdır. Təbii ki, iqtisadi əlaqələrin dərinləşməsi, iqtisadi maraqların üst-üstə düşməsi bu ölkələrin beynəlxalq bazara vahid brendlə çıxmasına imkan yaradır. Odur ki, dünya bazarına vahid brendlə çıxmaq məsələsi real görünür. Türk dövlətlərinin vahid valyutaya keçidi ideyasına gəldikdə isə, bu uzun zaman tələb edən bir prosesdir. Bu qısa zamanda reallaşacaq məsələ deyil. Bu ideyanın reallaşması üçün bütün ölkələrin iqtisadiyyatı struktur olaraq yaxınlaşmalıdır, inteqrasiya sürətlənməlidir. Ona görə də vahid valyuata gələcəkdə müzakirə oluna bilər. Bu perspektiv planda nəzərdə tutulan layihədir. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, ilkin hədəf vahid türk ailəsinin yaradılmasıdır. Bundan sonra isə vahid valyutanın dövriyyəyə buraxılması problem olmayacaq”.
Natiq Səlim
KONKRET.az