Türk lirəsinin ucuzlaşmasının əsas səbəbi nədir? – Türkiyəli iqtisadçı ilə eksklüziv MÜSAHİBƏbackend

Türk lirəsinin ucuzlaşmasının əsas səbəbi nədir? - Türkiyəli iqtisadçı ilə eksklüziv MÜSAHİBƏ

“Son illərdə türk lirəsində müşahidə edilən ucuzlaşma texniki faktorlarla yanaşı, psixoloji amilləri da özündə ehtiva edən problemdir”.

Bu sözləri Türkiyənin İstanbul Gedik Universitetinin müəllimi, iqtisadçı-ekspert Yücel Kamar KONKRET.az-a açıqlamasında deyib.

O bildirib ki, xüsusilə pandemiya ilə başlayan dövrdə qlobal tədarük zəncirlərindəki pozulmalar səbəbindən dünyada olduğu kimi, Türkiyədə də inflyasiya sürətlə artdı:

“Həmçinin, pandemiya dövründə dövlətin həyata keçirdiyi irimiqyaslı sosial yardımlar iqtisadiyyatımıza böyük yük gətirdi. Ordumuzun Suriya və İraqda keçirdiyi əməliyyatların gətirdiyi maddi yüklər, qlobal aktorlarla yaşanan siyasi gərginliklər maliyyə bazarlarında özünü göstərdi və buna görə də ölkəyə xarici resursların axını ya səngidi, ya da bir müddət sonra tamamilə dayanma nöqtəsinə gəldi. Yuxarıda qeyd olunan maliyyə yüklərini vergi artımı və daha çox emissiya ilə örtməyə çalışmaq, habelə özəl sektor şirkətlərinin nisbətən yüksək valyuta öhdəlikləri səbəbindən daxili valyuta tələbi kimi amillər türk lirəsinin (TL) son zamanlar dəyər itirməsinə gətirib çıxaran texniki faktorlar oldu”.

Ekspertin sözlərinə görə, texniki amillərlə yanaşı, psixoloji faktorlar da Türkiyədə uzun illərdir lirəyə inamsızlıq və dollara artan tələbatdır:
“Keçmişdə Türkiyənin bank sistemində ümumi əmanətlərin təxminən 50%-i xarici valyutada idi. Bu vəziyyəti texniki amillərlə izah etmək çox çətindir. Məzənnə ilə qorunan depozit hesabı kimi TL-nin sürətlə ucuzlaşması nəticəsində görülən tədbirlərlə bu vəziyyətin qarşısı müəyyən qədər alındı və xarici valyutada olan əmanətlərin ümumi əmanətlərə nisbəti 37%-dən aşağı endi.

Nəticədə türk lirəsinə olan güvəni yenidən bərpa etmək lazımdır. Bunun üçün ilk növbədə yüksək inflyasiyanın yatırılması gözlənilir. Son vaxtlarda da bununla bağlı addımların atıldığını görürük”.

Yücel Kamar Türkiyə hökumətinin lirə ilə bağlı atdığı addımlardan da danışıb:

“Seçkilərdən öncə kifayət qədər gərgin olan siyasi mühit yumşalıb, iqtisadi idarəetmədə qlobal sistemə uyğun siyasət yürüdüləcəyi bəyan edilib və bu istiqamətdə addımlar atılıb. Hesab edirəm ki, atılacaq addımlar fonunda yaxın perspektivdə olmasa da, heç olmasa ortamüddətli dövrdə ölkəyə xarici resurs axını daha da sürətlənəcək. Bu isə ölkədə dolların nisbətən daha ucuz olacağını deməyə əsas verir.

İqtisadiyyat rəhbərliyinin Fransa-Almaniya iqtisadi aktorlarına son səfərlərindən gələn müsbət mesajlar və bu səfərlərin ardınca Körfəz turunun olacağı və oradan müsbət gözləntilər də TL üçün müsbət irəliləyişlər kimi qiymətləndirilə bilər. Türkiyə iqtisadiyyatının böyümə proqnozlarının yuxarıya doğru yenidən nəzərdən keçirilməsi, xarici ticarətinin avtomobil və müdafiə sənayesinin başçılıq etdiyi güclü performansı da TL üçün dəstək elementi olacaq”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, yuxarıda qeyd olunan amilləri nəzərə aldıqda lirənin qısa müddətdə dollar qarşısında müəyyən dəyər qazanması və ya heç olmasa ucuzlaşmaması mümkün görünürdü:
“Ancaq Qəzzada iki həftədir davam edən hücumlar və qarşıdurmalar qlobal iqtisadi sistemlə yanaşı, türk lirəsinə də təzyiq göstərdi. İnvestorlar da təbii olaraq etibarlı sığınacaq kimi qəbul edilən qızıl, eləcə də dollar və avro kimi xarici valyutalara üz tutdular. Bundan sonra da Qəzza və Ukraynadakı vəziyyətin şiddəti və gedişatı investorların qərarlarına təsir edəcək mühüm amillər olacaq.

Nəticə etibarilə, Türkiyənin birbaşa iştirak edəcəyi ciddi qlobal gərginlik olmasa, lirənin dollar qarşısında hazırkı mövqeyini qoruyacağını və ciddi dəyər itirməyəcəyini proqnozlaşdıra bilərik”.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*