Türk tarixi üçün mühüm kəşf: İltəriş Xaqanın külliyəsi tapıldı – FOTObackend

Türk tarixi üçün mühüm kəşf: İltəriş Xaqanın külliyəsi tapıldı - FOTO

Monqolustanda İltəriş Xaqanın kompleksi və kitabəsi aşkar edilib.

KONKRET.az  “Anadolu”ya istinadən xəbər verir ki, Monqolustanın Ötüken bölgəsində Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun birgə apardığı qazıntılar nəticəsində İltəriş Xaqanın kompleksi və kitabəsi aşkar edilib.

Monqolustanın paytaxtı Ulan-Batorda mövzu ilə bağlı mətbuat konfransında danışan Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Monqolustan Arxeologiya İnstitutunun mütəxəssisləri ilə Ötüken bölgəsindəki Nomqon düzündə 2019-cu ildə başlatdıqları qazıntıların uğurla yekunlaşdığını bildirib:

“Abidənin mətnindən əldə edilən məlumatlar əsasında belə qənaətə gəlinib ki, Nomqon abidəsi Göktürk xanlığını dirçəltmiş Kül Tigin və Bilgə Xaqanın atası İlteriş Kutluk Xaqana ithaf olunub. Bundan başqa, bu abidə Türk adının ilk çəkildiyi Göktürkün ən qədim yazılı abidəsidir”.

İlteriş Xaqan kitabəsində 12 sətir köhnə türk yazısı var.

Bildirilib ki, kompleksin ümumi sahəsi 49×41,5 metrdir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılmış, torpaq qalaqlanaraq qala inşa edilmişdir.

Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluk”, “Tümen” kimi bir sıra sözləri  oxuya biliblər.

Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub.

Qeyd edək ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilmişdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*