“Türkiyə-Azərbaycan Universitetinin kampusu üçün Prezident İlham Əliyevin istəyi ilə Bakının ən məşhur tarixi binalarından biri ayrılıb”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar “Milliyet” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, hər iki ölkənin rəhbərliyi bu ali təhsil müəssisəsinin yaradılması üçün əllərindən gələn dəstəyi verməkdə qərarlıdır.
E.Özvar yeni yaradılan universitetin Türkiyə-Yaponiya, Türkiyə-Almaniya, Qalatasaray, Əhməd Yəsəvi və Manas universitetləri kimi oxşar beynəlxalq layihələrdən fərqli olduğuna xüsusi diqqət çəkib: “Layihəyə maraq o qədər güclüdür ki, buraya hansı universitetləri daxil edəcəyimizi seçməkdə çətinlik çəkəcəyik. Sadəcə kampus deyil, müəllimlərimiz və tələbələrimiz də akademik anlamda ən yaxşılar arasından seçiləcək. Tələbələr öz kampuslarında təhsil alacaqlar. Müəllimlər dərsləri olanda Bakıya gedəcək. Bu cür modelləri həmişə başqalarında görüb təqlid edirdik, indi özümüzün belə modelləri mövcuddur. Anadolu liseyləri kimi bənzərsiz bir model yaratmışıq və onu sona qədər qorumalıyıq”.
Qeyd edək ki, fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Memorandum imzalanıb. Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.