ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak açıqlayıb ki, Dəməşq Beynəlxalq Hava Limanının bərpası və yeni obyektlərin tikintisi üçün 4 milyard dollar dəyərində müqavilə imzalanıb.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, müqavilədə Türkiyənin Kalyon və Cengiz qrupları, Qətərin UCC şirkəti konsorsium şəklində iştirak edir.
Tom Barak bildirib ki, bu əməkdaşlıq Suriyanın sülh və rifah yolunda regional tərəfdaşların birgə səylərinin nəticəsidir. Konsorsium hava limanının reabilitasiyasını həyata keçirəcək və illik sərnişin tutumunu səkkiz il ərzində 31 milyona çatdırmağı planlaşdırır.
Müqavilə çərçivəsində Dəməşq Beynəlxalq Hava Limanı dörd mərhələdə yenidən qurulacaq. ABŞ-ın sanksiyalarının ləğvindən sonra imzalanan bu razılaşma bölgədə təhlükəsizlik, sabitlik və iqtisadi inkişafın təminatçısı kimi qiymətləndirilir.
Qeyd edək ki, may ayında Türkiyə, Qətər və ABŞ şirkətləri arasında 7 milyard dollarlıq enerji sahəsində strateji əməkdaşlıq müqaviləsi də imzalanmışdı.