Türkiyə NATO-nun etibarlı müttəfiqi olaraq qala biləcəkmi?backend

Türkiyə NATO-nun etibarlı müttəfiqi olaraq qala biləcəkmi?

Bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında kürdlərin əksəriyyət təşkil etdiyi ərazilərdə hərbi əməliyyatlara başlamaq haqda hədələri Ankara və Suriyada İŞİD-ə qarşı mübarizədə Suriya kürdləri ilə əməkdaşlıq edən ABŞ da daxil olmaqla, NATO-dakı digər müttəfiqlər arasında daha bir gərgin mübahisə üçün zəmin yaradır.

Təhlilçilər qeyd edir ki, Ərdoğan və Rusiya prezident Vladimir Putin arasında münasibətlərin güclənməsi, Türkiyənin Rusiyadan raket müdafiə sistemləri alması, Ankaranın NATO üzrə tərəfdaşlarının mövqeyinə zidd olaraq, Suriyada strateji ambisiyaları və Ərdoğanın islamçılara simpatiyası Türkiyə və Qərb arasında münasibətlərdə gərginliyin yaranmasına səbəb olur.

Pentaqon rəsmiləri həmçinin Ərdoğanın İranla yaxınlaşması ilə bağlı narazılıqlarını ifadə ediblər.

Turkiyə prezident Rəcəb Tayyib Ərdogan və Rusiya prezident Vladimir Putin Moskvada Kremldə görüş zamanı, 8 aprel, 2019.
Turkiyə prezident Rəcəb Tayyib Ərdogan və Rusiya prezident Vladimir Putin Moskvada Kremldə görüş zamanı, 8 aprel, 2019.

​Türkiyə ilə münasibətlərdə yaranmış böhranı 1974-cü ildə Türkiyə silahlı qüvvələrinin Kiprə daxil olduğu vaxtla müqayisə edirlər. Formal olaraq NATO üzvünün alyansdan xaric edilməsi mexanizmi mövcud deyil. Lakin Vaşinqtonda və Avropa paytaxtlarında nüfuzlu təhlilçilər arasında Ankaranın NATO-da gələcəyi və ölkənin alyansı tərk etməsi, ya da üzvlüyünün ləğv edilməsinin vaxtının gəlib-gəlmədiyi haqda müzakirələr artmaqdadır.

Keçən ay Avropa İttifaqının xarici işlər nazirləri Türkiyənin Kipr sahillərində qazma və kəşfiyyat işlərinə cavab olaraq, Türkiyəyə 164 milyon məbləğində yardımı dayandırıb və aviasiya sazişinə dair danışıqlara fasilə verib.

Avropa İttifaqının xarici işlər nazirləri həmçinin Avropa investisiya bankından Türkiyəyə 2018-ci ildə təxminən 434 milyon dollar təşkil edən kreditlərlə bağlı siyasətini nəzərdən keçirməyə çağırıb.

Bu addımlar Rusiya istehsalı olan S-400 raket sistemlərinin ilk hissələrinin çatdırılmasından bir neçə gün sonra atılıb.

Rusiyanın S-400 raket müdafiə sisteminin ilk hissələri Ankara şəhəri yaxınlığındakı hərbi bazaya çatdırılır, 12 iyul, 2019.
Rusiyanın S-400 raket müdafiə sisteminin ilk hissələri Ankara şəhəri yaxınlığındakı hərbi bazaya çatdırılır, 12 iyul, 2019.

Türkiyə prezidenti Ərdoğan Vaşinqtonun raket müdafiə sistemini aldığı təqdirdə cəzalandırılacağı haqda xəbərdarlıqlarına əhəmiyyət verməyərək, Rusiya ilə sövdələşmədən geri çəkilmədi. Vaşinqton və onun müttəfiqləri S-400 sisteminin NATO sistemləri ilə bir araya gəlmədiyini və F-35 tipli döyüş təyyarələri üçün təhlükə yaratdığını hesab edir.

Ərdoğan çərşənbə axşamı günü Trampın S-400 sistemləri ilə əlaqədar NATO üzrə iki müttəfiq arasında münasibətlərin pozulmasına yol verməyəcəyinə əminliyini ifadə edib. Ankarada Türkiyə səfirləri qarşısında danışan Ərdoğan həmçinin alyansa sadiqliyini bir daha təkrar edib.

“S-400 sistemlərinin F-35 döyüş təyyarələri, ya da NATO-ya zərər verəcəyinə dair heç bir konkret dəlil yoxdur, heç kim bir-birini aldatmamalıdır. NATO-un bir çox üzvü Rusiya ilə alqı həyata keçirib. Biz bunun böhrana çevriləcəyini düşünmürük. Türkiyə öz təhlükəsizliyi naminə işgüzar qərar qəbul edib” – deyə, Ərdoğan bildirib.

Türkiyənin hərbi maşıları Suriyanın şimalında İdlib vilayətinin Saraqib şəhəri yaxınlığındakı təhlükəsizlik zonasında patrul zamanı, 8 mart, 2019.
Türkiyənin hərbi maşıları Suriyanın şimalında İdlib vilayətinin Saraqib şəhəri yaxınlığındakı təhlükəsizlik zonasında patrul zamanı, 8 mart, 2019.

Təhlilçilərin fikrincə, Ərdoğan Qərb liderlərinin onun xarici siyasəti ilə əlaqədar narazılıqları və Türkiyənin miqrasiyanın qarşısının alınması və terrorizmə qarşı mübarizə məsələlərində köməyinə ehtiyacı arasında balans tapa biləcəyinə arxayındır. Lakin ekspertlər xəbərdarlıq edir ki, Ərdoğan yanıla bilər.

Türkiyə silahlı qüvvələrinin Suriyada kürd bölgələrinə daxil olması vəziyyəti daha da çətinləşdirə bilər.

Qərb diplomatları qeyd edir ki, Ərdoğan öz istədiyinə nail olmaq üçün nə zaman təzyiq göstərməli və ya nə vaxt geri çəkilməli olduğunu bilərək, bundan əvvəl Qərbi məharətlə manipulyasiya edə bilib.

Lakin bu, nə qədər davam edə bilər?

“Avropanın təhlükəsizliyi üçün bu gün ən ciddi potensial təhlükə Rusiyadan gəlir. Lakin Türkiyənin münaqişə baş versə, NATO-nun tərəfini tutacağına əmin olmaq olmaz”, Vaşinqtondakı Kato institutunun (Cato Institute) təhlilçisi Daq Bendou bu həftə qeyd edib. Onun sözlərinə görə, NATO-nun Türkiyənin üzvlüyünü dayandırmaqdan başqa bir seçimi yoxdur, çünki Ankaranın xarici siyasəti Qərb ölkələrindən bu gün çox fərqlidir. “Türkiyə əslində alyans üçün artıq çoxdan itirilib” -deyə o bildirib (“Amerikanın səsi”).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*