Türkiyə paytaxtında “Arşın mal alan”ın növbəti triumfu – FOTOLARbackend

Türkiyə paytaxtında “Arşın mal alan”ın növbəti triumfu - FOTOLAR

Yanvar ayında 4 dəfə nümayiş etdiriləcək tamaşanın biletlərinin hamısı satılıb

Yanvarın 13-də Ankara Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” tamaşası növbəti dəfə nümayiş etdiriləcək.

Bu mühüm mədəniyyət hadisəsi barədə KONKRET.az-a müsahibə verən tamaşanın quruluşçu rejissoru, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev suallarımızı cavablandırıb.

– Hafiz bəy, sirr deyil ki, rejissorluq fəaliyyətinizdə dahi Üzeyir bəyin əsərləri xüsusi yer tutur. Bu dəfə Üzeyir bəyin izi ilə Ankarada yaradıcılıq səfərindəsiniz. Növbəti dəfə “Arşın mal alan” operettasını Ankara Opera və Balet Teatrında tamaşaya hazırlayırsınız. Artıq bu tamaşanı iki dəfə 2003 və 2013-cü illərdə həmin teatrda səhnələşdirmisiniz. 10 il sonra yenidən bu tamaşaya müraciət edilməsinin səbəbi nədir?

– Böyük xoşbəxtlikdir ki, 2024-cü ilin əvvəlində – 13 yanvar tarixində professional musiqimizin banisi Üzeyir bəyin məşhur operettası “Arşın mal alan” Ankara Dövlət Opera və Balet Teatrında növbəti dəfə nümayiş etdiriləcək. Uzun, gərgin məşqlərdən sonra deyə bilərik ki, tamaşa tam hazırdır.

Sualınıza gəldikdə isə deməliyəm ki, Ankaradakı həmkarlarımız bu əsəri teatrın repertuarından çıxarmaq istəmirlər. Çünki tamaşa sənətçilər və seyrçilər tərəfindən çox sevilir. Yanvar ayının repertuarında tamaşanın 4 dəfə göstərilməsi nəzərdə tutulub. Təsəvvür edirsinizmi, artıq biletlərin hamısı satılıb. İlboyu bu tamaşa göstəriləcək.

Ankarada “Arşın mal alan” əsəri üçüncü dəfə səhnələşdirilir. 2003-cü ildən bəri hər on ildən bir “Arşın mal alan”a yenidən quruluş verilir. Ümumiyyətlə isə qardaş Türkiyənin müxtəlif şəhərlərində 6 dəfə “Arşın mal alan” operettasını səhnələşdirmişəm.

– Yəqin ki, Ankara səhnəsində də “Arşın mal alan”ın hər zamankı ənənəvi üslubu qorunub saxlanılacaq. Yaradıcılıq prosesi necə gedir?

– Üzeyir bəy nəinki Azərbaycanın, həm də türk dünyasının dahi şəxsiyyətlərindən biridir. Onun Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli musiqimizin inkişafında misilsiz xidmətləri olub. Bizə zəngin mədəni irs qoyub gedib. Bu xəzinəni qorumaq və yüksək səviyyədə təbliğ etmək bizim vəfa borcumuzdur.

Üzeyir bəyin yaradıcılığına çox həssaslıqla, ehtiyatla və həvəslə yanaşıram. Demək olar ki, Azərbaycanda onun bütün əsərlərinin quruluşçu rejissoru olmuşam. Hətta bəzi əsərlərini Çin, Belarus, Bolqarıstan və digər ölkələrinin teatrlarında səhnələşdirmişəm. Müxtəlif dilə, adət-ənənəyə, düşüncəyə, psixologiyaya malik millətlərə Üzeyir bəyin əsərləri təqdim edilib. Amma hər yerdə Üzeyir bəyin musiqisi insanların qavraması baxımından çox yüksək səviyyədə qarşılanıb və sevilib. Bu, əlbəttə, sevindirici haldır.

Ötən il dekabrın 23-dən  Ankaradayam. Bu tamaşaya teatrın həm təcrübəli, həm də gənc solistləri, balet truppası, orkestr cəlb olunub. Məşqlər hər gün iki dəfə keçirilib. Bütün kollektiv çox böyük həvəslə bu işə yanaşır.

– Tamaşanı hazırlamaqda sizə kimlər kömək edir?

– Librettonun ümumi mətni Anadolu və Azərbaycan türkcələrinin ortaq ləhcəsində hazırlanıb. Bu işdə teatrın solisti, Əsgər rolunun ifaçısı Şenol Talınlının zəhməti böyükdür. Orkestrin dirijoru Rustam Rahmedov əslən Türkmənistandandır, Ankarada çalışır. Teatrın konsertmeysterləri Məlahət İsmayılova və Çiçək Cihan vokalçıların  hazırlanmasında böyük rol oynayırlar. Məlahət xanım İsmayılova (red. – Azərbaycanın əməkdar artisti, hazırda Ankarada yaşayan musiqiçimiz) bu əsərə çoxdan və dərindən bələddir, odur ki, ritmlərin və templərin düzgün ifa edilməsinə, dinamikliyin saxlanılmasına diqqətlə yanaşır. Xoreoqraf Özge Aydır. Rəssamdan kostyumçulara qədər hər kəs öz işinə böyük ürəklə və məsuliyyətlə yanaşırlar. Səhər və axşam məşqlərində türk aktyorlarının Üzeyir Hacıbəylinin əsərində sevə-sevə oynamaq istədiklərini görəndə çox sevinirdim.

– Bakı və Ankara ifaçıları arasında hansı bənzərlik və ya fərqlilik var?

– Əlbəttə ki, Üzeyir bəyin əsərləri bizim aktyorlara çox doğmadır. Amma “tək millət, iki dövlət” dediyimiz Türkiyə ilə də çox doğmayıq axı. Mədəniyyət, dil, adət-ənənə, ruh baxımından ortaq dəyərlərə malik olduğumuzdan Ankara teatrının aktyorları tamaşanı Azərbaycan aktyorları kimi hiss edirlər və bizimkilər kimi oynamağa çalışırlar. Bir müşahidəmi də bölüşüm. Üzeyir bəy Azərbaycanın işıqlı ruhunu bu əsərinə köçürə bilib. Odur ki, türk dünyasından uzaq olan ölkələrin  aktyorları da “Arşın mal alan”ı yaxından hiss edə bilirlər. Təsadüfi deyil ki, “Arşın mal alan” dünyanın 90 ölkəsində səhnələşdirilib. 111 ildir ki, bu əsər səhnələrdən düşmür və inşallah düşməyəcək. Çünki dünyada çox sevilir.

– Dediyiniz kimi, ölkəmizə və xalqımıza məşhurluq gətirən bu operetta dünyanın müxtəlif ölkələrində səhnələşdirilib. Hətta Vyanada müasir üslubda tamaşaya qoyulmuşdu. Hətta bu üslubu mədəni çevrələrdən tərifləyənlər də tapılmışdı. Sizin belə dəyişikliklərə münasibətiniz necədir?

– Bütün tamaşalara zaman-zaman müxtəlif yanaşmalar olub və olacaq. Zaman və məkan çərçivəsində düzgün səhnə həllini tapan əsərlər daha uzunömürlü olur. Üzeyir bəyin əsərləri də belədir. Çünki onun əsərlərinin çox parlaq müsiqisi və maraqlı librettosu var. Bu tandemə düzgün səhnə həllinin əlavə edilməsi onu uğurlu edir.

– Ankara səhnəsində daha hansı əsərlərə quruluş vermək istərdiniz?

– Ankara teatrında səhnələşdirmək istədiyim bir neçə əsər var. Onların arasında görkəmli bəstəkarımız Fikrət Əmirovun “Sevil” operası da var. Planlarımız alınarsa, niyə də olmasın!

P.S. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev indiyədək Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Fikrət Əmirovun “Sevil”, Cahangir Cahangirovun “Xanəndənin taleyi”, Süleyman Ələsgərovun “Solğun çiçəklər”, Şəfiqə Axundovanın “Gəlin qayası”, Ramiz Mustafayevin “Vaqif”, Firəngiz Əlizadənin “Intizar”, Nazim Əliverdibəyovun “Cırtdan”, Murad Kajlayevin “Valida” və digər əsərləri səhnələşdirib. Beynəlxalq festivalların iştirakçısıdır. Mədəniyyət və İncəsənət Universitetində rejissor və aktyor sənətindən, Milli Konservatoriyada opera sənətindən dərs deyir, dosentdir.

Xatirə SADİQ,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*