Türkiyə PKK ilə razılaşma əldə edir? – “Bunlar geosiyasi dəyişiklik deməkdir”backend

Türkiyə PKK ilə razılaşma əldə edir? - "Bunlar geosiyasi dəyişiklik deməkdir"

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı dünən partiyasının qrup toplantısında bir sıra önəmli açıqlamalar verib. Baxçalı təklif edib ki, PKK terror təşkilatının lideri Abdullah Öcalan parlamentə gələrək burada qruplaşmanın buraxılmasını elan etsin. Sədrin sözlərinə görə, bunun üçün Öcalana parlamentdə çıxış etməyə şərait yaradılmalıdır.

Bu hadisədən sonra Türkiyə cəmiyyətində fikir ayrılığı yaranıb. Bir qrup insan MHP liderinin açıqlamasına kəskin şəkildə etirazını bildirsə də, bəziləri bunu razılaşdırılmış addım kimi qəbul edir. Onlar iddia edirlər ki, partiya sədri bu fikirlərini Prezident Ərdoğanla razılaşdırılıb və inanırlar ki, Öcalanın ev dustaqlığına buraxılmasının nəticəsində PKK tərksilah ediləcək.

Görəsən, bundan sonra hadisələr hansı ssenari üzrə davam edəcək? Türkiyə hakimiyyəti PKK ilə belə razılaşmaya əldə edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, beynəlxalq məsələlər üzrə ekspert Şəhla Cəlilzadə bildirib ki, sözügedən addım problemin həll yolu olmayacaq:

“PKK terror təşkilatı kimi 1978-ci ildə qurulsa da, Türkiyə Cümhuriyyət tarixinin bütün dövrlərində terrordan əziyyət çəkib. Sözügedən ölkə artıq ikinci yüz ilini yaşayır. Zaman-zaman müəyyən razılaşmalar, atəşkəslər olsa da, insanlıq əleyhinə yönələn terror fəaliyyəti heç zaman bitməyib. Türkiyəyə təzyiq göstərmək, onun regional siyasətinin və böyüməsinin qarşısını almaq istəyən qüvvələr olub, bundan sonra da olacaq. PKK rəhbərinin “ev dustaqlığı” adı altında azadlığa buraxılması müvəqqəti atəşkəs kimi qiymətləndirilə bilər. Türkiyəni hər zaman təxribatlarla bölməyə və parçalamağa, gücünü tükətməyə çalışan qüvvələr daim bu amilləri diqqətdə saxlayacaqlar. Odur ki, qərarın hazırki şərtlərdə Türkiyə üçün həll yolu olacağını düşünmürəm. Düzdür, hərbçilərin həlak olmasına, mülki vətəndaşların ölümünə son vermək üçün danışıqlar ümidverici görünür və xalqın, o cümlədən siyasətçilərin bir hissəsinin dəstəyini qazanmış ola bilər”.

Ekspert ötən əsrdə də tərəflər arasında görüşün baş tutduğunu xatırlatdıb:

“1990-cı ildə Turgut Özal da PKK ilə müzakirəni qəbul etmiş və 3 il sonra təşkilat nümayəndələri ilə dövlət başçısının görüşü baş tutmuşdu. Həmin vaxtı da, indi də rəsmi Ankaranın Türk dünyasına yönəlik ciddi layihələri olub. Ancaq buna mane oldular. Belə ki, danışıqların əsas iştirakçıları olan Özal və Eşref Bitlis öldürüldü. 2013-2015-ci illəri əhatə edən “çözüm süreci”, həmçinin 2012-ci ildə PKK-nın siyasi qanadı olan HDP-nin yaradılması ilə başlayan dövr də terror məsələsinə davamlı atəşkəs gətirmədi. Onların muxtar idarəçilik haqları, federal dövlət, dil və s. kimi iddiaları baş tutmadı. Türkiyə xalqı buna izn verərmi!? Sinan Oğlanın belə bir cümləsi var idi: “Terroristin müzakirəyə dəvət olunması qəbuledilməzdir. Türk xalqının belə tələbi yoxdur və buna izn verilməyəcəkdir”. Əslində burada əsas fikir budur ki, Türkiyədə kürd dövlərinin yaradılmasına heç zaman “yaşıl işıq” yandırmayacaq. Bununla belə, İraq və Suriya ərazisində mövcud olan kürd muxtariyyətlərinin gələcəkdə dövlətləşməsi, qaçqınların Türkiyədən geri göndərilməsi, “tampon bölgə”də rəsmi Ankaranın təsir gücünün qorunması şərtlərinin reallaşdığı ssenaridə PKK ilə müəyyən razılaşmanın əldə edilmə ehtimalını nəzərdən keçirmək olar. Lakin bütün bunlar regional geosiyasi dəyişikliklər deməkdir və baş tutması olduqca çətindir”.

Məlik Məlikov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*