Türkiyə və Böyük Britaniya Ankarada Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edəcək.
KONKRET.az xəbər verir ki, bu məqsədlə Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz və onun britaniyalı həmkarı Hamiş Falkoner arasında görüş keçiriləcək.
“Türkiyə tərəfinin bu məsləhətləşmələrdə Suriyadakı təhlükəsizlik, sabitlik və iqtisadi vəziyyətlə bağlı fikirlərini və gözləntilərini açıqlayacağı gözlənilir. Bu, Suriyanın bərpası və iqtisadi inkişafı üçün heç bir şərt irəli sürülmədən Dəməşqə qarşı tətbiq edilən sanksiyaların tamamilə ləğv edilməsinin zəruriliyindən irəli gəlir”, – Türkiyə XİN-in məlumatında deyilir.
Diplomatlar həmçinin milli barışıq və beynəlxalq ictimaiyyətin bu addımlara dəstəyinin vacibliyi məsələsində Suriyanın yeni administrasiyasının səylərini təhlil edəcəklər.
Yılmaz və Falkoner ayrıca İsrailin Suriyadakı hərəkətlərini müzakirə edəcək. Diqqətin Suriyanın suverenliyini açıq şəkildə pozan və təhdid edən İsrailin hərəkətlərinin dayandırılması zərurətinə yönəldiləcəyi gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az