Türkiyə və Rusiya arasında hərəkətlilik var – 6 illik razılaşma pozulurbackend

Türkiyə və Rusiya arasında hərəkətlilik var – 6 illik razılaşma pozulur

Türkiyənin “Nəfəs” nəşri iddia edib ki, Rusiya 2019-cu ildə Ankaraya satdığı S-400 zenit-raket komplekslərini alıb, başqa ölkəyə satmaq istəyir. Nəşr xatırladıb ki, Türkiyə Rusiyadan 2,5 milyard dollara iki S-400 diviziyası alıb. Lakin bu, ABŞ-ın sərt reaksiyasına səbəb olub və Ankaraya sanksiyalar tətbiq edilib. Nəticədə Türkiyə F-35 beşinci nəsil qırıcı proqramından çıxarılıb.

Bu gün Türkiyə F-16 qırıcılarının alınması və modernləşdirilməsi ilə bağlı danışıqlar aparır, həmçinin F-35 layihəsinə qayıtmağı gözləyir. Buna görə də Ankara Rusiya sistemlərinin geri qaytarılması variantını nəzərdən keçirə bilər.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, S-400-lər alınarkən ABŞ-la Türkiyə arasında münasibətlər kəskinləşmişdi:

“O zaman bildirildi ki, bu sistemlər NATO sistemlərinə inteqrasiya oluna bilməz. Yəni NATO bu qərarla razı deyildi. Hətta o zaman belə iddialar da var idi ki, Ankara bu sistemləri ambarlarda saxlayacaq, işlətməsi problem yaradacaq.

Son dövrlər Türkiyə milli hava hücumundan müdafiə sistemləri üzərində işləyir. Hətta “Polad Qübbə” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Türkiyə bu yolla özü öz hava sahəsinin təhlükəsizliyini gündəmə gətirir. S-400-lər həm bahalıdır, həm də işlədilməsi ilə bağlı çətinliklər yaşanır. Rusiya bu sistemləri ancaq özünə çatdıra bilir. Digər tərəfdən, Türkiyə bu sistemləri Rusiya və ya onun vasitəçiliyi ilə digər ölkəyə sata bilər. Hesab edirəm, bu yolla Türkiyə NATO və ABŞ-la bu məsələ ilə bağlı fikir ayrılığını aradan qaldıra bilər. Bu həm də Türkiyənin F-35 layihəsinə dönməsinə səbəb olar.

Türkiyənin F-35 layihəsindən çıxarılma məsələsi təkcə S-400-ləri alması deyildi. Hesab edirəm, bunun əsas səbəblərindən biri S-400-lərin alınması öncəsində İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri və orada keçirdiyi görüşlər idi. O, həmin səfər zamanı ABŞ-ı inandırmışdı ki, Türkiyənin F-35 layihəsində qalması İsrailin təhlükəsizliyi üçün çox təhlükəlidir”.

Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, Rusiya ilə Ukrayna arasında müharibə hər iki tərəfin resurslarının azalması ilə müşahidə olunur:

“Ukrayna ABŞ-ın dəstəyini itirib. Aİ və NATO ölkələri bu tələbatı tam qarşılaya bilmirlər. Rusiya isə əsasən Çinin dəstəyi və İran tərəfindən verilən “Şahid” PUA texnologiyası ilə Ukrayna tərəfinə intensiv hava hücumlarını davam etdirir. Bu gün Ukrayna kifayət qədər PUA istehsal edir. Digər tərəfdən isə yerli raketlərdən istifadənin sayı da artıb. Belə olan halda təbii ki, Rusiya özü üçün hava hücumundan müdafiə sistemlərini daha böyük əhəmiyyətli hesab edir.

Rusiya böyük neft və energetika zavodlarını qoruya bilmir. Başqa sözlə desək, Rusiyanın öz hava hücumundan müdafiə sistemləri ölkənin tələbatını ödəyə bilmir. Belə olan halda çoxsaylı hava hücumundan müdafiə sistemlərinə ehtiyac yaranır. Sanksiyalar səbəbindən isə Kreml bir çox sistemləri tədarük edə bilmir.

Buna görə də Türkiyəyə daha əvvəl satılmış iki divizion S-400 kompleksini geri almaq niyyətindədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*