Türkiyənin İstanbul Baş Prokurorluğunun həyata keçirdiyi “korrupsiya işi” çərçivəsində bir neçə müxalifətçi bələdiyyə başçısı saxlanılıb.
KONKRET.az xəbər verir ki, saxlanılanlar arasında Adana bələdiyyəsinin rəhbəri Zeydan Karalar, Adıyaman bələdiyyəsinin başçısı Abdurrahman Tutdere və Antalya bələdiyyəsinin meri Mühittin Böcek yer alır. Onların hamısı müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləridir.
Məlumata görə, Karalar və Tutdere artıq İstanbula gətirilib və barələrində həbs orderi verilib. İstintaq çərçivəsində iş adamı Aziz İhsan Aktaşın verdiyi ifadələr və bəzi digər saxlanılanların təqdim etdiyi sənədlər əsasında bu qərar qəbul olunub. Aktaş, peşmançılıq ifadəsi verdikdən sonra sərbəst buraxılıb.
Ümumilikdə, 15 nəfər haqqında həbs qərarı çıxarılıb. Onlardan 11 nəfər artıq saxlanılıb, 1 nəfərin isə ölkə xaricində olduğu, qalan 3 nəfərin axtarışlarının davam etdiyi bildirilir.
Müşviq Tofiqoğlu,
KONKRET.az