Boğaziçi Universitetinin professoru Levent Türkiyənin böyük hissəsinin şiddətli quraqlıq riski ilə üz-üzə olduğunu açıqlayıb.
KONKRET.az News24.az-a istinadən xəbər verir ki, onun paylaşdığı xəritədə Şərqdən Mərmərə dənizinədək geniş ərazidə yağışların kəskin azaldığı görünür. Yay ayları isti hava dalğaları və az yağıntı ilə keçib. Bir çox bölgədə anbarlarda suyun səviyyəsi kritik həddə düşüb. Mütəxəssis durumu “Bu, bir fəlakətdir” sözləri ilə dəyərləndirib.
O bildirib ki, Mərmərə, Egey, Qara dəniz, Orta və Şərqi Anadolu ilə Cənub-Şərq bölgələrində demək olar ki, yağış yağmayıb. Mütəxəssislərə görə, quraqlıq həm kənd təsərrüfatı istehsalını, həm də içməli su ehtiyatlarını ciddi təhlükə altına salır. O, təxirəsalınmaz tədbirlərin görülməsinin zəruri olduğunu vurğulayıb.