Türkiyədə sığınacaqlar tikilir – Yeni müharibə başlayır?backend

Türkiyədə sığınacaqlar tikilir – Yeni müharibə başlayır?

Türkiyənin 81 vilayətində müasir sığınacaqların inşa edilməsi ətrafında müzakirələr səngimir. Bildirilir ki, bu miqyaslı layihə ölkə vətəndaşlarının müharibə, təbii fəlakət və nüvə sızıntısı kimi fövqəladə vəziyyətlərdə təhlükəsiz şəkildə yerləşmələri üçün nəzərdə tutulub. Avropada da bənzər proseslərlə bağlı xəbərlər yayıldığı üçün Türkiyədəki hazırlıq birmənalı qarşılanmayıb. İctimaiyyətdə ölkənin yeni müharibəyə hazırlaşması haqda iddia yayılıb.

Regionda bu hazırlıq nədən irəli gəlir? Türkiyə hansı ölkə ilə müharibəyə hazırlaşa bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ölkənin bütün vilayətlərində müasir sığınacaqların inşa edilməsi, ilk növbədə, mülki əhalinin təhlükəsizliyini təmin etməyə yönəlib:

“Bu addım regionda müharibə və ya kəskin böhran ehtimalının nəzərə alındığını göstərir. İndiyədək mövcud sığınacaq infrastrukturunun zəifliyi, binalardakı sığınacaq yerlərinin faktiki olaraq başqa məqsədlərə istifadə edilməsi ölkənin fövqəladə hallara hazırlığını zəiflədirdi. Yeni layihə ilə bu boşluğun aradan qaldırılması hədəflənir. Hazırlığın arxasında duran əsas səbəb Yaxın Şərqdə artan gərginlik və müharibə ehtimallarının Türkiyəyə təsir göstərə biləcəyi reallığıdır. İran-İsrail qarşıdurması, Suriyadakı qeyri-sabitlik və Aralıq dənizi hövzəsindəki risklər Türkiyəni daha geniş miqyasda tədbirlər görməyə vadar edir. Bu kontekstdə sığınacaqların inşası həm potensial xarici təhlükələrə, həm də qeyri-adi fəlakətlərə qarşı milli təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi çıxış edir”.

Politoloq qeyd edib ki, Türkiyənin konkret olaraq hansı ölkə ilə müharibəyə hazırlaşdığı barədə rəsmi məlumat yoxdur:

“Lakin məlumdur ki, dövlətin məqsədi hər hansı bir ölkəyə qarşı açıq qarşıdurma elan etmək deyil, mümkün risklərin qarşısını almaq və hər bir halda əhalini qorumaqdır. Bu addım göstərir ki, Ankara müasir təhlükəsizlik yanaşmasında təkcə hərbi gücə deyil, mülki müdafiənin gücləndirilməsinə də xüsusi önəm verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*