Türkiyənin Bolu şəhərində yerləşən Kartalkayadakı oteldə baş verən yanğınla bağlı yeni detallar ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, faciə ilə bağlı həbs edilən Bolu bələdiyyə sədrinin müavini Sedat Gülener, FHN müdiri Kənan Coşğun və FHN əməkldaşı İrfan Acar ifadə veriblər.
Onlar barələrində səsləndirilən ittihamları rədd edərək şərti cəza ilə sərbəst buraxılmalarını istəyiblər.
“Mənə qarşı irəli sürülən ittihamı qəbul etmirəm. Mən 25 ildir ki, vəzifəmi uğurla yerinə yetirirəm. Bundan başqa həm bələdiyyə, həm də mənim məsul olduğum birliklər tərəfindən evimdə araşdırma aparıldı. Heç bir nəticə olmadı. Ağır xəstəliyim var, ona görə də, həbssiz mühakimə olunmağımı və sərbəst buraxılmağımı xahiş edirəm”, – deyə o bildirib.
Kənan Coşğun məhkəmədə verdiyi ifadəsində onlarla insanı yanğından xilas etdiyini deyib:
“Komanda olaraq üzərimizə düşən xilasetmə əməliyyatlarını həyata keçirdik. Onlarla insanımızın xilas edilməsində əməyimiz oldu. Şüurlu səhlənkarlıq nəticəsində ölüm və yaralanmaya səbəb olan cinayət ittihamını qəbul etmirəm. Çünki bu barədə mənə heç bir sübut təqdim olunmayıb. Mən həbs olunmadan mühakimə edilmək istəyirəm”.
İrfan Acar da heç bir ittihamı qəbul etmədiyini vurğulayıb və sərbəst buraxılmasını məhkəmədən xahiş edib.
Müşviq Tofiqoğlu
KONKRET.az