“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən zirvə görüşündə iki ölkənin sülh sazişini paraflaması, Cənubi Qafqazdakı qüvvələr dinamikasını dəyişdirən tarixi bir addım kimi yadda qalacaq. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsində döyüş meydanında qazandığı nailiyyətləri danışıqlar masasında rəsmiləşdirməsi deməkdir”.
KONKRET.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında türkiyəli iqtisadçı, professor Mehmet Yüce deyib.
O bildirib ki, bu anlaşma ilə Azərbaycan 30 ildən artıq müddətdə üzləşdiyi silah embarqosundan azad olacaq, geosiyasi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması təmin ediləcək, ATƏT-in Minsk Qrupunun ləğv olunmasına çağırış ediləcək və yüz ildən çox davam edən münaqişənin bitməsi, bölgəyə sülhün gəlməsi istiqamətində güclü iradə nümayiş etdiriləcək:
“Bu, həm Azərbaycan, həm də region üçün mühüm qələbədir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və qazandığı torpaqları rəsmi olaraq tanıması isə Bakının diplomatik zəfəri kimi qiymətləndirilə bilər. Digər tərəfdən, anlaşma Türkiyənin ziyanına deyil. Əksinə, Zəngəzur dəhlizinin açılması ilə xüsusi olaraq Azərbaycanla Türkiyə, ümumilikdə isə Türkiyə ilə Mərkəzi Asiyadakı türk dövlətləri arasında quru əlaqə yaradılaraq Türkiyənin regional ticarət və logistika mövqeyi güclənəcək. Beləliklə, Cənubi Qafqazda tarixi dönüş nöqtəsi olan bu sülh sazişi, ABŞ üçün ənənəvi güc balansını dəyişdirərək strateji bir dəhliz və iqtisadi imkan sahəsi yaradıb.
“Formalaşan yeni geosiyasi şəraitdə Rusiyanın bölgədəki təsiri zəifləyəcək, Türkiyə-ABŞ xəttində yeni tərəfdaşlıqların formalaşmasının önü açılacaq. Həmçinin Zəngəzur dəhlizinin açılması və Mərkəzi Asiyaya uzanan müxtəlif enerji və nəqliyyat xətlərinin reallaşması, başda Azərbaycan və Türkiyə olmaqla, türk dövlətləri arasında regional inteqrasiyanın dərinləşməsinə töhfə verəcək. Bu anlaşmanın ən diqqətçəkən məqamlarından biri ABŞ-yə Orta Dəhliz ticarət marşrutunun bir hissəsi olan və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılan Zəngəzur dəhlizini inkişaf etdirmə hüququnun verilməsidir. Bu addım ABŞ-nin Şərq-Qərb ticarət yollarındakı təsirini gücləndirir, Moskva və Tehranın regional gücünü zəiflədir və NATO müttəfiqi Ankaraya yeni imkanlar açır. Bu, Azərbaycanın regional ticarətdəki mövqeyini və Türkiyə ilə siyasi ittifaqını möhkəmləndirəcək”, – deyə professor vurğulayıb.
Müsahibimiz əlavə edib ki, sülh sazişi Azərbaycanı regional logistika və enerji mərkəzinə çevirmək potensialına malikdir:
“Ermənistan üzərindən birbaşa Naxçıvana, oradan isə Türkiyəyə bağlayacaq bu marşrut (TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) vasitəsilə daşınacaq enerji, mədən və kənd təsərrüfatı məhsullarından gömrük və tranzit gəlirləri əhəmiyyətli dərəcədə artacaq. Qarabağın tam inteqrasiyası isə kənd təsərrüfatı və mədənçilik sahələrində yeni investisiya imkanları yaradacaq. Müharibə riskinin aradan qalxması ilə Qərb sərmayəsinin bölgəyə marağı artacaq. Xüsusilə qeyri-enerji sahələrində (logistika, turizm, istehsal) xarici investisiya potensialının yüksəlməsi nəticəsində ABŞ və Avropa İttifaqı mərkəzli şirkətlər dəhliz boyunca logistika bazaları və anbar mərkəzləri qurmağa meyil edəcək, bu da Orta Dəhlizi daha cəlbedici edəcək. Bu isə ilk növbədə Azərbaycan və Ermənistan başda olmaqla, region iqtisadiyyatına ciddi töhfə verəcək. Nəhayət, sülh mühitinin yaranması və ərazi bütövlüyünün bərpa olunması ilə Azərbaycan təbii olaraq daha güclü iqtisadi inkişaf mərhələsinə qədəm qoyacaq”, – professor fikrini yekunlaşdırıb.