Cənubi Koreyanın müdafiə sənayesində ixtisaslaşmış Samyang Chemtec şirkəti Türkiyənin yeni nəsil ALTAY döyüş tankı üçün 4-cü nəsil xüsusi kompozit zireh tədarük edəcək.
KONKRET.az xəbər verir ki, şirkət 2009-cu ildən etibarən Cənubi Koreyanın məşhur K2 Black Panther tankı üçün də bu tip zireh istehsal edir və bu sahədə böyük təcrübəyə malikdir.
Məlumata görə, zireh silisium karbidi və müxtəlif birləşmələrin optimal nisbətdə qarışdırılması ilə 7 illik elmi-tədqiqatın nəticəsi olaraq hazırlanıb. Bu texnologiya K2 Black Panther tankında tətbiq olunur və ABŞ-ın M1A2 SEPv3 Abrams və Almaniyanın Leopard 2 tanklarında istifadə edilən ən müasir zirehlərlə müqayisədə geri qalmır.
Bu addım, Türkiyənin müdafiə sənayesində xarici texnologiyalara inteqrasiya və tank texnologiyalarında yüksək səviyyəli qorunma imkanlarını təmin etmək istiqamətində əhəmiyyətli bir mərhələ sayılır.
Natiq Səlim,
KONKRET.az