Keçmiş siyasi məhbus Asif Yusifli sabiq MTN polkovniki İlqar Əliyevlə bağlı maraqlı iddia irəli sürüb. Onun sözlərinə görə, 2015-ci ilin oktyabrında MTN-lə bağlı məlum əməliyyatdan sonra İlqar Əliyev həbs edilib. O, Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılıb. Təcridxanada olarkən həmin vaxt orda cəza çəkən Asif Yusifli ilə danışıb. Ona bəzi hadisələri söyləyib. O, Asif Yusufliyə ekstrasens Zirəddin Rzayevlə tanışlığından və ondan aldığı bəzi işarələrdən danışıb.
İlqar Əliyev Asif Yusifliyə Zirəddin Rzayevlə Moskvada tanış oldğunu deyib. Bu tanışlıqdan sonra Z.Rzayev İ.Əliyevdən Beyləqandakı “Cərcis Peyğəmbər” ziyarətgahına gedib qurban kəsməsini təkidlə xahiş edib. İlqar Əliyev bu xahişi yerinə yetirib. Bakıya qayıdarkən yolu səhv salıb, Ağcabədi istiqamətinə gedib. Sürücüyə deyib ki, bura qədər gəlmişkən Göyçaya gedib valideynləri ilə görüşmək istəyir. Təsadüfdən İlqarın qardaşı, bacısı da ata evinə gəlir. Bərabər valideynlərlə bir gün keçirirlər. Bakıya qayıtdıqdan 1 gün sonra isə anasının vəfat xəbərini eşidib. İlqar Əliyev bu hadisədən sonra Zirəddinlə əlaqə saxlayıb. Zirəddin ona bildirib ki, baş verənləri öncədən bilib, buna görə də İlqar Əliyevdən israrla ziyarətgaha getməsini istəyib. Guya ekstrasens MTN polkovnikinin Göyçaya ata evinə gedəcəyindən, anası ilə son dəfə görüşəcəyindən də öncədən xəbərdar olub.

MTN polkovniki İlqar Əliyev
İlqar Əliyev Asif Yusifləyə həbsindən bir neçə gün əvvəl Zirəddinin ona vacib söz demək istədiyini, lakin əlaqə yarada bilmədiyini söyləyib. İlqar Əliyev Z.Rzayevin ona bəlkə də həbs xəbərini vermək istədiyini bildirib. Lakin bir müddət sonra İlqar Əliyev həbsxanada ölüb. Onun intihar etdiyi deyilir. Keçmiş məhbus Asif Yusifli ehtimal edir ki, Z.Rzayev İlqar Əliyevə bəlkə də həbs yox, ölüm xəbəri vermək istəyirmiş.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az Zirəddin Rzayevlə əlaqə saxlayıb.
O, İlqar Əliyevlə şəxsi tanışlığı olduğunu bildirib:
“Əminəm ki, təkcə İlqar Əliyevin yox, həbs olunan digər bu kimi şəxslərin telefonları alınıb və kimlərlə əlaqələri olub, hamısı araşdırılıb. İlqar Əliyev təkcə mənə yox, həkimlərə, bərbərə və s. müraciət edib. İndi o kimə salam veribsə, hamısını şərləmək lazımdır? Mən onun başına gələcəkləri öncədən xəbər vermişdim. Söylədiklərimin nəticələri göz qabağındadır. Bunu həmin şəxs videoda da təsdiq edir.
Şəxs iddia edir ki, guya məni MTN yetişdirib Rusiyaya göndərib və heç bir qeyri-adi görücülük qabiliyyətim yoxdur. Olsun, insanlar inanclarında sərbəstdirlər. Maraqlıdır ki, videoda danışan şəxs (Asif Yusiflini nəzərdə tutur-red.) tam əksini iddia edir. Yəni mənim görücülük qabiliyyətimdən və onun dəqiqliyindən danışır. Əgər məni MTN yetişdirib Rusiyaya göndəribsə, bir kəlməmlə Bakıdan Beyləqana gedərlərmi?”
Zirəddin Rzayev deyib ki, mütəmadi olaraq onu Rusiya xüsusi xidmət orqanları ilə ləkələyənlər məqsədlərinə çatmadıqları üçün bu yola da əl atıblar:
“Sanki mən Mixayloyam (gülür). Bu gün Azərbaycan mətbuatının ən böyük faciələrindən biri budur ki, mənbə göstərmədən “deyilənlərə görə”, “əldə etdiyimiz məlumatlara görə” deyib, nə istəsən yazıb-danışırlar. Mən sizin göndərdiyiniz videonu və o cümlədən mənə atılan böhtanları rəsmi şəkildə DTX-yə şikayət etsəm, həmin şəxslər nə cavab verəcəklər? Hansı sənədləri təqdim edəcəklər DTX-yə? Bunlar dövlət əhəmiyyətli iddialardır, əgər dediklərində haqlıdırlarsa, niyə bu məlumatları DTX-yə təqdim etmirlər? Hə, elə bütün düyünlərin açarı da məhz bu sualların arxasında gizlənib. DTX-nin bilmədiyi bu “MTN yetişdirib” iddiasını, görəsən, bunlar haradan bilirlər? Bəlkə elə onların özlərinin MTN-lə əlaqələri varmış? Qoy bu sualların cavabları ilə Dövlət Təhlükəsizliyi Xidməti maraqlansın”.
Z.Rzayev özü ilə bağlı məsələyə belə aydınlıq gətirib:
“Mən Azərbaycanda doğulmağımla, Böyük Səfəvi Dövləti kimi bir qədim tariximlə qürur duyan Azərbaycan oğluyam. Həmişə Heydər Əliyev kimi bir dahi ilə qürur duymuşam, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyirəm. Mən Şəmkirdə dünyaya göz açan qarabağlı balasıyam. Ağdam kimi bir əziz torpaqda babalarım hüzura qovuşublar. Əlbəttə ki, sorğu-sual günü hər qələm sahibi burada sübut etmədiklərini Haqq hüzurunda sübut etməli olacaqlar. Bu qədər!”
