“TV1” kanalı 1 yaşını qeyd edir
Bir il əvvəl 2024-cü il avqust ayının 1-də ölkənin teleməkanında yeni bir kanal – “TV1” internet üzərindən yayıma başladı. Audiovizual Şura tərəfindən 2025-cil il yanvar ayının 31-də kanalımıza yayım lisenziyası verildi. Ötən bir il müddətində kanalımız bir sıra ciddi uğurlara imza atıb. Peşəkar heyət tərəfindən hazırlanan proqramlarda ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr kanalın efirində işıqlandırılıb.
Cəmiyyətin gündəmində olan aktual mövzular “TV1”-in efirində peşəkar təqdimatı ilə seçilib. “TV1” kanalında müxtəlif proqramlarda çıxış edən ölkənin tanınmış ictimai-siyasi xadimləri, alimlər, ziyalılar, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri cəmiyyətin həyatındakı aktual mövzularla bağlı peşəkar təhlillər aparıblar. Kanalımızda Macarıstan, Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya və İsraildən canlı bağlantılarla tanınmış ekspertlər, siyasətçilər beynəlxalq məsələlərlə bağlı operativ çıxış ediblər.
Fəaliyyətə başladığı ilk gündən etibarən vətənpərvərlik mövzusu “TV1” kanalının daim diqqət mərkəzindədir. Belə ki, İkinci Qarabağ müharibəsi veteranları, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimiz haqqında proqramlar və filmlər efirimizdə yayımlanaraq tamaşaçıların böyük rəğbətini qazanıb. Eləcə də, kanalın efirində yayımlanan mədəni, milli-mənəvi, sosial, təhsil, sağlamlıq, turizm, gənclərlə bağlı proqramlar, həmçinin türkçülük ideyaları ilə əlaqədar verilişlər izləyicilər tərəfindən çox maraqla qarşılanıb. Musiqili və əyləncəli proqramlarımız da geniş tamaşaçı auditoriyası toplayıb. Kanalın daimi izləyicisi olan minlərlə tamaşaçısı tərəfindən diqqətlə izlənilən canlı verilişləri var. Bu proqramlarda təqdim olunan, cəmiyyəti düşündürən, sosial xarakterli verilişlər öz aktuallığı və peşəkarlığı seçilir.
“TV1” kanalı ötən bir il müddətində beynəlxalq əlaqələrini də genişləndirib. Belə ki, çox gənc olmasına baxmayaraq, “TV1” kanalı bu qısa müddət ərzində Qazaxıstanın bir sıra aparıcı mərkəzi və regional telekanalları ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
Bundan başqa, gənc kanalın efirində xaricdən gələn tanınmış simalar ekspert qismində çıxış ediblər. Yaponiya və Cənubi Koreyadan gəlmiş televiziya mütəxəssisləri, o cümlədən Mərkəzi Asiyadan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan olan həmkarlamızla, elm və mədəniyyət xadimləri, incəsənət ustaları ilə maraqlı söhbətləri xüsusi ilə vurğulamaq istəyirik.
Türkçülüyün təbliği isə kanalımızın ana xətlərindən birini təşkil edir. Bu istiqamətdə Türkiyədən gələn çoxsaylı mütəxəssislər, media mənsubları və müxtəlif sahələr üzrə ekspertlər kanalımızın qonaqları olublar. Şimali Kipr həqiqətlərinin işıqlandırılmasında isə kanalımızın müstəsna xidmətləri var. Bu yöndə ŞKTC-nin prezidenti Ersin Tatarın Azərbaycana səfəri çərçivəsində “TV1” kanalına eksklüziv müsahibə verməsini xüsusi ilə vurğulamaq yerinə düşər.
Həmçinin, ŞKTC-dən ölkəmizə səfər etmiş rəsmi şəxslər, nazirlər, tanınmış simalar, siyasətçilər kanalımızn efirində eskklüziv müsahibələr veriblər. Onların özəl açıqlamaları Azərbaycan mediasında işıqlandırıldığı kimi, Şimali Kipr mediasında da yayımlanıb. Bu qısa müddət ərzində istehsal etdiyimiz filmlər də beynəlxalq diplomlara layiq görülüb.
Eyni zamanda, kanalımızın Nüvə Tədqiqatları Departamentindən hazırladığı özəl reportaj isə ölkə teleməkanında nadir hadisələrdən biridir. “TV1” kanalı eyni zamanda, bütün sosial media platformalarında uğurla təmsil olunur. İnteraktivliyi ilə seçilən verilişlərimiz tamaşaçılarla operativ əlaqədən xəbər verir.
KONKRET.az kollektivi olaraq həmkarlarımızı təbrik edirik!