Ucarda 3 böyük ev, iki böyük ferma və ticarət mərkəzi, Bakıda 8 mənzil – ŞOK KORRUPSİYA ƏMƏLİbackend

Ucarda 3 böyük ev, iki böyük ferma və ticarət mərkəzi, Bakıda 8 mənzil – ŞOK KORRUPSİYA ƏMƏLİ

Müharibə qazisinin atası Sadiq Seyidov Ucar rayon Meliorasiya İdarəsinin rəhbərliyindən şikayətçidir.

Bu barədə KONKRET.az-ın redaksiyasına müraciət edən şikayətçi özü məlumat verib. Ucarın Qazyan kənd sakini Sadiq Seyidovun sözlərinə görə, rayonun Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov dövlət müəssisəsini ailə podratı üsulunda işlədir. Dövlətin ayırdığı vəsait talan edilir, şəxsi kapitalı isə aşıb-daşır.

Şikayətçi bildirib ki, özbaşınalıqlar nəticəsində Ucar rayonunun torpaqları tam şoranlaşıb və əkinə yararsız vəziyyətə düşüb: “Ucar rayonu ərazisində şirə kanalları təmizlənmədiyindən yox olmaq üzrədir, meliorativ işləri aparmaq üçün Sovet dönəmində tətbiq edilən drenajlar çıxarılaraq satılıb”.

Sadiq Seyidov deyir ki, problemlər bununla da bitmir. Belə ki, Meliorasiya İdarəsinə məxsus bahalı texnikaları şəxsi işlərə cəlb edən idarə rəisi Həsən Qasımov özünə pul qazanır: “İdarənin texnikalarının bir hissəsi isə Həsən Qasımova məxsus 1500 baş iribuynuzlu heyvan saxlanılan fermada, Zərdab rayonunun Məmmədqasımlı kəndində olan böyük balıq gölündə və 70 hektar əkin sahəsində işlərə cəlb edilib. Həsən Qasımovun rayonun 3 yerində böyük evi, Bakı şəhərində 8 mənzili, Ucar rayonunda 3 böyük ticarət mərkəzi, iki böyük ferması və yüzlərlə hektar torpaq sahəsi var”.

Şikayətçinin iddiasına görə, Həsən Qasımov öz bacısı oğlu Rəşad Abılovu idarəyə baş mühasib vəzifəsinə təyin edib. Qardaşı Kazım Qasımov isə sürücü vəzifəsində işləyir: “Digər qohumlarının isə adı işdə gedir, lakin özləri işə gəlmədən hər ay əmək haqqı alırlar. Ancaq rayonda Vətən müharibəsi qaziləri və iştirakçıları işsiz qalıb. Rayonun əkin torpaqları isə şoranlaşıb. Şoran torpaqların yuyulması üçün respublikada ən çox vəsait Ucar rayonuna ayrılır. Buna görə də Həsən Qasımov rayonda ən varlı idarə rəhbərlərindən biridir. Amma çörəyi əkinçilikdən çıxan kəndlilər isə günü-gündən yoxsullaşırlar. Çünki şoran yuyulmadığı üçün torpaqlar əkinə yararsız vəziyyətə düşür”.

Qazi atası deyir ki, Həsən Qasımov fəlakətinin qarşısı alınmasa, rayonun kənd tsərrüfatı tamam məhv olacaq. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Ucara xüsusi diqqət ayırıb təcili tədbir görməlidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

P.S. Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*