Ukrayna prezidenti Volodimir Zelenski Fransanın Le Point nəşrinə verdiyi müsahibəsində bildirib ki, Kiyevin Rusiyaya qarşı ərazi güzəştləri etməsi yalnız Kremlin həmin torpaqları Avropaya hücum üçün plasdarm kimi istifadə etməsinə səbəb olacaq.
KONKRET.az bildirir ki, Zelenskinin sözlərinə görə, bəzi media orqanları Ukrayna ordusunun şərq regionlarından geri çəkilməsinin sülh yaradacağı barədə yanlış təsəvvür formalaşdırır:
“Putin Krımı ələ keçirərək onu Ukraynanın cənubunu mühasirəyə almaq üçün plasdarm kimi istifadə etdi. 2014-cü ildə isə şərq bölgələrini işğal etdi ki, həmin ərazilərin tamamilə ələ keçirilməsi üçün dayaq nöqtəsi yaratsın. Əgər sabah biz hansısa səbəbdən Donbasdan geri çəkilsək, bu, Putin üçün Xarkov və Dnepr kimi strateji şəhərləri tutmaq imkanı açacaq. Bu, ona yeni fürsətlər verərdi”.
Ukrayna lideri Avropanı daha geniş miqyasda düşünməyə çağıraraq xəbərdarlıq edib:
“Əgər Putin bütün Ukraynanı ələ keçirsəydi, ölkəmizi də eyni şəkildə plasdarm kimi istifadə edərdi. Onun bunu edib-etməyəcəyi Avropanın gücündən asılı olacaq. Avropa güclü olarsa, Putin buna cəsarət etməz. Amma Avropa zəif olarsa, Rusiyanın hərəkətlərindən əziyyət çəkəcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az