Cəbhədə gərginlik pik həddə çatıb. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyaya məxsus döyüş sursatı anbarını dəqiq aviazərbə ilə tamamilə məhv edib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, rəsmi Kiyev hadisənin kadrlarını yayıb və bu kadrlar hazırda sosial şəbəkələri “dağıdır”.
Ukrayna ordusunun rəsmi məlumatına əsasən, bu dəfə istifadə edilən zərbə Fransanın istehsalı olan AASM Hammer idarəolunan aviasiya bombası ilə həyata keçirilib. Zərbə MİQ-29 qırıcı təyyarəsinin ekipajı tərəfindən icra edilib.
Qeyd olunur ki, hədəf cənub istiqamətində yerləşən Rusiyaya məxsus döyüş sursatı və şəxsi heyət anbarı olub. Ukraynanın Pilotsuz Uçuş Aparatları Qüvvələri tərəfindən anbarın koordinatları dəqiq müəyyən edilib və aviazərbə həmin koordinatlara yönəldilib.
Rəsmi açıqlamada bildirilir: “MİQ-29 ekipajı AASM Hammer ilə hədəfi dəqiq vurdu, nəticədə sursatla dolu anbar və oradakı canlı qüvvə məhv edildi.”
Hadisənin video görüntüsündə partlayışın gücü, alov və tüstü buludlarının yaşayış məntəqəsinə yaxın ərazidə yüksəlməsi aydın görünür. Partlayışın miqyası, istifadə edilən bombanın dağıdıcı gücünü bir daha ortaya qoyur.
Ukrayna mənbələri bu əməliyyatın “Rusiyanın cəbhə təchizatına ciddi zərbə vurduğunu” bildirir.