Məlum olduğu kimi, dünən Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin Sudja rayonunun Nikolayevo-Daryino, Daryino və Sverdlikovo yaşayış məntəqələrini nəzarətə götürüb. Müharibənin gedişində ilk dəfədir ki, Ukrayna tərəfi Rusiyanın sərhədləri daxilindəki əraziləri ələ keçirir. Əcnəbi siyasi analitiklərin fikrinə görə, Kurskun nəzarətə götürülməsi müharibənin gedişində önəmli dəyişikliklər yarada bilər.
Maraqlıdır, hadisələrin bundan sonrakı inkişafı hansı ssenarilər üzrə davam edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zərdüşt Əlizadə Ukraynanın müharibənin gedişindəki uğursuzluğunu Kurskun nəzarətə götürülməsi ilə kompensasiya etməyə çalışdığını deyib:
“Müşahidələr deməyə əsas verir ki, müharibə Rusiyanın üstünlüyü ilə davam edir. Ukrayna ərazisinin 20 %- işğal edilib. Ordu demək olar ki, müxtəlif cəbhələrdən geri çəkilir. Qərbin dəstəyi Ukraynaya gözlənilən üstünlüyü qazandırmır. Buna görə də, Ukraynanın hərbi-siyasi rəhbərliyi qərara alıb ki, vəziyyəti kompensasiya etmək və müəyyən istiqamətlərdə üstünlük qazanmaq üçün Rusiya ərazisinə hücum etsin. Ötən il də belə hal yaranmışdı, ancaq Ukrayna qısa müddətdə geri çəkildi. Bu dəfə də fərqli nələrinsə olacağını düşünmürəm”.
Z.Əlizadə Rusiyanın Ukraynanın bu hücumuna ciddi cavab verəcəyini düşünmür:
“Rusiya tərəfindən ciddi cavab gözləmirəm. Onsuz da yarım milyonluq ordu döyüşlərdə uğur qazanmağa çalışır. Mülki əhalini bombalayır, bütün vəhşilikləri edir. Putinin əlində fərqli addımlar atmaq üçün əlavə vasitələr yoxdur. Hə, ola bilər ki, Kurska hər hansı əlavə qüvvələr cəlb edilsin ki, həmin bölgə tezliklə azad olunsun. Başqa heç nə. Onlar yenə də vəhşiliklərinə davam edəcəklər”.
Politoloq müharibənin hələ uzun müddət davam edəcəyini düşünür:
“Baxın, Qərb Ukraynaya müəyyən qədər dəstək olur. Ancaq bu, yetərli deyil. Bir məsələ var ki, silah-sursat sözügedən ölkəyə hissə-hissə verilir. Avropa çalışır ki, əlində olan media resursları vasitəsilə ilə dəstəyini şişirtsin. Ukraynaya cəmi 9 ədəd “F-16″ qırıcısı verilib, amma bunu necə şişidilmiş formada rəqdim edirlər. Həmçinin Donald Tramp prezident seçiləcəyi halda döyüşləri dayandıracağını deyib. Amma bunların hamısı ehtimallardır. Rusiyanın istəyi NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasıdır. Ukrayna Qərbə meyl etdi, nəticəsi isə göz qabağındadır. Düşünürəm bu məsələlər həll olmayana qədər döyüşlər davam edəcək”.
Məlik Məlikov,
KONKRET.az