Rusiyanın Leninqrad vilayətində qaz terminalı yanıb. Yanğından əvvəl şahidlər iki partlayış səsi eşidiblər.
KONKRET.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı və Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun mesajında deyilir.
Mənbənin sözlərinə görə, müəssisədən 150-yə yaxın insan təxliyə edilib. Heç bir itki yoxdur.
“Novotek şirkətinin Ust-Luqa limanında yerləşən terminalında baş vermiş yanğın nəticəsində ölən olmayıb. Şəxsi heyət təxliyə edilib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub”, – qubernator bildirib.
Eyni zamanda Rusiyanın “Fontanka” nəşri hadisədən əvvəl iki pilotsuz təyyarənin ərazidə uçduğunu yazır.
“Ust-Luqada yanğından bir müddət əvvəl hava hücumundan müdafiə qüvvələri Sankt-Peterburqa doğru uçan iki PUA-nı müşahidə ediblər. Şəhərə yaxınlaşanda onlar kursunu dəyişərək Leninqrad vilayətinin Kinqisepp rayonuna tərəf gedib. Təxminən saat 3.20 radələrində “Novatek” qaz anbarına hücum edilib”, – məlumatda deyilir.
Burhan,
KONKRET.az