Ukrayna ordusu “Qrad” reaktiv yaylım atəş sistemlərində Şimali Koreya istehsalı olan raketlərdən istifadə edir.
KONKRET.az xəbər verir ki, “Financial Times” (FT) qəzetinin jurnalisti bu cür raketlərin döyüş meydanında istifadə edildiyini görüb.
Şimali Koreya raketlərinin Ukraynaya necə gəldiyi məlum deyil.
FT-yə danışan hərbçilər bildirib ki, silahlar dost ölkə tərəfindən gəmidən götürülüb.
Bununla belə, Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak raketlərin Rusiya hərbçilərindən götürüldüyünü deyib.
Qəzet yazır ki, Ukraynanın istifadə etdiyi Şimali Koreya sursatları 1980-1990-cı illərdə istehsal edilib.
Hərbçilərin sözlərinə görə, sursatların partlamama ehtimalı yüksək olduğu üçün belə mərmilərə üstünlük verilmir.
Əsgərlərdən biri FT müxbirindən atəş açılan zaman “Qrad”a yaxınlaşmamağı xahiş edib, çünki bu, təhlükəlidir.
Qeyd edək ki, 2022-ci ildə Qərb mediası Rusiyanın KXDR-dən raketlər aldığını yazıb.
Dekabrda ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Pxenyan silahları “Vaqnerə” təhvil verib. Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora bu bəyanatı yalan adlandırıb.
İqbal Rzayev,
KONKRET.az