Ukrayna tezliklə Rusiya ərazisinə təsir göstərə biləcək.
KONKRET.az bildirir ki, bunu Almaniyanın xarici işlər naziri İohan Vadeful “Zeit” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Ukrayna gizli silahlar alacaq. Ancaq nə yeni silahların növü, nə də onların təhvil verilmə vaxtı barədə məlumat verib.
Nazirin sözlərinə görə, Ukraynaya yeni silah sistemlərinin çatdırılması maliyyə məsələsi deyil, müdafiə sənayesinin mövcudluğu və istehsal imkanları mövzusudur. O, Ukraynanın avropalı tərəfdaşlarının məhz bunun üzərində işlədiyini vurğulayıb.
“Ukraynanın özünü hücumlardan müdafiə etmək hüququ var. Onun Rusiya ərazisinə də təsir etmək imkanı olacaq, lakin biz Putinə hansı silah sistemlərinin ötürüləcəyini açıqlamaq fikrində deyilik”, – Vadeful bildirib.
O, artıq Rusiya prezidentinin hərəkətlərinin məntiqini anlamağa çalışmadığını da qeyd edib: “O, yalnız planının baş tutmadığını anlayanda dayanacaq”.
Xatırladaq ki, iyun ayında Kiyevə səfəri zamanı Vadeful artıq Vladimir Putini tənqid etmiş, onun sülhlə bağlı bəyanatlarını istehza adlandırmışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az