Ukraynanın cəbhədəki strategiyasında və Qərb müttəfiqlərinin tövsiyələrində fikir ayrılıqları davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzetinin materialında deyilir.
Məqalədə qeyd olunur ki, Kiyev qüvvələri Ukraynanın cənubunda və şərqində əks-hücum əməliyyatında yavaş-yavaş irəliləyərkən, Rusiya hərbçiləri ölkənin şimal-şərqindəki Kupyansk bölgəsində irəliləməyə nail olublar. Rusiyanın cüzi də olsa irəliləyişləri Ukrayna komandanlığını geniş cəbhə xəttinin bu hissəsini müdafiə etmək üçün əlavə qüvvələr göndərməyə sövq edib.
Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırski Rusiyanın Kupyansk vilayətində artilleriya, minaatan və aviasiya ilə hücumlarından danışarkən deyib:
“Belə şəraitdə biz sıxışdırıldığımız mövqelərdə müdafiəmizi gücləndirmək üçün tez bir zamanda bütün tədbirləri görməliyik”.
Qəzet yazır ki, Sirskinin bəyanatı Ukrayna qoşunlarının cənubda irəliləməsinə baxmayaraq, cəbhə xəttinin digər hissələrinin qeyri-sabit qaldığına dair bir işarədir.
Məqalədə deyilir ki, Ukraynanın seçdiyi strategiya ilə bağlı müzakirələr son günlər mediada adı açıqlanmayan ABŞ rəsmilərinin əks-hücumun yavaş tempini Ukrayna qoşunlarının həddən artıq səpələnməsi ilə əlaqələndirdiyi bir sıra xəbərlərlə intensivləşib.
Pentaqonun fikrincə, Kiyev sıçrayış cəhdi üçün maksimum sayda qüvvələri cəbhə xəttinin bir hissəsində cəmləməli idi. Əvəzində Ukrayna komandanlığı qoşunları şərq və cənub arasında bərabər paylamağa çalışıb.
Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın tənqidlərinə birbaşa cavab olaraq bildirib ki, Ukrayna qüvvələrinin Xarkov vilayətindəki Kupyansk kimi şəhərlərdən çıxarılması Rusiyanın əldə etməyə çalışdığı şeydir:
“Biz Xarkovdan, Donbasdan, Pavloqraddan və ya Dneprdən əl çəkməyəcəyik”, – deyə Zelenski bəyan edib.
Burhan,
KONKRET.az