Putin Ukraynanın Mariupol və Melitopol şəhərlərinə “Hərbi Şöhrət Şəhəri” titulu verib.
KONKRET.az xəbər verir ki, bu gedişlə Putin Xersonu yenidən işğal edib şəhərə Donetsk-Luqansk aqibəti yaşatsa, qəhrəman şəhər adlandıracaq. Yaxşı ki, Krımdakı körpüyə qəhrəman körpü titulu verməyib.
Xatırladım ki, bu adət ruslarda II Dünya müharibəsindəki faşizm üzərində qələbədən sonra dəbə düşdü. O vaxt Abşeron yarımadasından çıxarılan neftlə Hitler Almaniyasına qalib gələn bolşevikyanlar Bakıya qəhrəman şəhər statusu vermədilər.
Viran qoyulan Mariupola “Hərbi Şöhrət Şəhəri” titulunun verilməsi isə bir tərəfdən Qərbə acıq vermək, digər tərəfdən vəhşiliklə öyünməkdir. Çünki adıçəkilən şəhərin necə darmadağın edildiyinin görüntülərini əksəriyyət görüb. Yəni Ukraynanı neonasizmdə günahlandıran Rusiyada faşizm ünsürləri duyulmaqdadır. Sanki Kreml II Dünya müharibəsinin nostalgiyasından qopa bilmir və elə bilir ki, buna qarşı çıxan hər kəs faşistdir. Özünün həyata keçirdiyi hitlerçilikləri isə pravoslavların səlib yürüşü sayır.
• Gürcülər xristianlığın pravoslav qoluna aiddirlər. Onda Rusiya niyə Gürcüstanı parçaladı, Abxaziya və Cənubi Osetiya qondarma rejimlərini qurdu? Nəyə görə 2008-də din qardaşları sayılan gürcülərə 11 gün (1-12 avqust) qətliam yaşatdı?
Həqiqətən də, Rusiyanın işğalçı xislətini kənar hadisə və ya informasiya mənbələri aşkara çıxarmır. Kreml imperializm elementlərini elə öz hərbi-siyasi cinayətləri ilə satır. Rusiya son 3 əsrdə işğalçı kimi qurulub. Zəbt vərdişlərinin indiki kulminasiyası isə Putinin eqosu ilə bağlıdır. O anlamır ki, müasir dövrdə işğalla imperiya genişləndirmək leqo ilə ev tikmək kimi asan deyil. Heç yersiz eqo ilə də:
1. Putin I Pyotr şöhrətinin kölgəsindədir;
2. Putin Stalin şöhrətinin kölgəsindədir;
Putin elə II Yekaterinanın da şöhrətinin kölgəsindədir. Zalımın qızı dövrünün Kim Kardaşyan populyarlığında olub. Hər nə isə, Rusiya lideri Pyotr və Stalinin imperatorluq, diktatorluq rekordlarını vurub özünü əfsanəyə çevirmək istəyir:
– Skif (Atillanın) qılıncı;
– Teymur Ləngin məzarı;
– Süleymanın ürəyi;
Bu cərgəyə özünün də adını yazdırmaq istəyənə oxşayır. Amma Kreml Tibetdəki zaman qapısı deyil. Ən yaxşı halda öləndən sonra Putini movzoleydə Leninin yerinə qoya bilərlər.
Natiq Səlim,
KONKRET.az