Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək, həmçinin Kiyev rejiminə dəstək nümayiş etdirmək üçün yanvarın 12-də Kiyevə gəlib.
KONKRET.az xəbər verir ki, Britaniya baş nazirinin ofisindən verilən açıqlamada deyilir ki, Sunak və Zelenskinin təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalaması gözlənilir.
“Mən Ukraynaya sadə bir mesaj vermək üçün gəlmişəm. Bizim dəstəyimiz zəifləyə bilməz və zəifləməyəcək. Mən bütün ukraynalılara müraciət edirəm: Britaniya nə qədər lazımdırsa, sizinlədir”, – deyə Sunak X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.
O, həmçinin bildirib ki, bu yardımın bir hissəsi olaraq Böyük Britaniya Ukraynaya tarixdə ən böyük pilotsuz təyyarələr partiyasını təhvil verəcək. Bunu baş nazirin ofisi də təsdiqləyir.
“Bu, Ukraynaya ən böyük dron tədarükü olacaq. Gözlənilir ki, pilotsuz uçuş aparatlarının əksəriyyəti Böyük Britaniyada istehsal olunacaq və Müdafiə Nazirliyi Ukraynanın müdafiəsinə verilən pilotsuz uçuş aparatlarının sayını əhəmiyyətli dərəcədə artırmaq üçün beynəlxalq tərəfdaşlarla çalışacaq”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Londondan Kiyevə ümumi yardım 2024 və 2025-ci illərdə 2,5 milyard funt sterlinq təşkil edəcək. Bu paketə həmçinin uzaq mənzilli raketlər, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri də daxildir.
Yeni hərbi yardım paketini nəzərə alsaq, Böyük Britaniyanın ayıracağı ümumi məbləğ 12 milyard funt sterlinq təşkil edəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az