Sara Qəhrəmanova adlı xanımın qızını plastik əməliyyat edən şəxs (Ülviyyə İlyasova nəzərdə tutulur – red.) onu öz evinin mətbəxində əməliyyat edib.
KONKRET.az Unikal-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında səhiyyə naziri Teymur Musayev deyib.
Məlum olduğu kimi, plastik cərrahiyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb. Həmin komissiyaya daxil olan Baş Prokurorluq, Elm və Təhsil nazirliyi və DİN əməkdaşları olub. Həmin komissiyanın işi nəticəsində Azərbaycanın ərazisində plastik cərrahiyə üzrə fəaliyyət göstərməyə icazə verilən 42 plastik cərrah müəyyən olunub. Həmin siyahı ictimaiyyətə çatdırılıb və dərc olunub. Bu siyahıdan kənarda qalan digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində müəyyən əməliyyatları icra etməyə icazə verilib. Bu məsələ öz həllini qanun çərçivəsində tam tapıb. Bu mövzuya bir də qayıtmaq istəmirəm.
Sara Qəhrəmanovanın deputat Səyyad Salahlıya müraciətinə gəldikdə isə, o xanım mənim də qəbulumda olub. O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırlıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb, istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz”, – deyə nazir bildirib.