Hazırda abituriyentlərin universitetlərə qəbul ilə bağlı ixtisas seçimi prosesi davam edir.
KONKRET.az dövlət və özəl ali təhsil müəssisələrinin öz tələbələrinə hansı güzəştləri təqdim edə biləcəyi ilə bağlı araşdırma aparıb.
Öncə xatırladaq ki, dövlət ali təhsil müəssisələrində təhsil alacaq imtiyazlı şəxslər var ki, onlar təhsil haqqı xərcindən azaddır. İmtiyazlı şəxslərin siyahısına aşağıdakılar aiddir:
1. Dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları
2. Hər iki valideyni vəfat etmiş, bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər (övladlığa götürüldükdə belə) ali, orta ixtisas və peşə təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində əyani formada 23 yaşınadək təhsil alan şəxslər
3. Ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər
Dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə əlilliyi olan şəxslər, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan və aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər
4. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunu”na müvafiq olaraq şəhid ailəsi statusu almış dövlət peşə, orta ixtisas, ali təhsil müəssisələrində və AMEA-nın magistratura səviyyəsində 23 yaşınadək əyani təhsil alan şəxslər
5. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqları.
6. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər.
Dövlət ali təhsil müəssisələri ilə yanaşı bir sıra özəl universitetlər də yeni qəbul olacaq tələbələrə müəyyən güzəştlər edəcək.
Məsələn, Odlar Yurdu Universitetinə qəbul olmaq istəyən 550-570 bal toplamış abituriyentlər ödənişsiz təhsil ala biləcək. Universitet 500-549 bal toplayanlara təhsil haqqının 20%-i, 450-499 bal toplayanlara isə 15% -i qədər güzəşt edəcək.
Qərbi Kaspi Universiteti 4 il ərzində əyani təhsil alacaq 451-700 bal toplamış abituriyentlərə ödənişsiz təhsil imkanı yaradıb. Universitet aşağı bal toplayanlara da müəyyən güzəştlər paketi hazırlayıb. Belə ki, 401-450 bal toplayanlara 50%, 351-400 bal toplayanlara isə 20% güzəşt olunacaq.
Bakı Avrasiya Universiteti dövlət büdcəsi hesabına valideyn himayəsindən məhrum olanlara, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər, I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sırasından tələbələr üçün təhsil haqqında güzəştlər edəcək.
Universitet öz hesabına da tələbələr üçün müəyyən güzəştlər nəzərdə tutub. Belə ki, müsabiqənin ilk mərhələsində Universiteti seçən, 500 və daha yuxarı bal toplayanlar I kurs üçün illik təhsil haqqından tam azad olunacaq. Universiteti seçən, 400-499 bal toplayanlara I kurs üçün illik təhsil haqqından 30% məbləğində, bir ailənin 2 və daha çox övladı Universitetə qəbul olunduqda, qəbul olanların hər birinə illik təhsil haqqından 200 manat məbləğində güzəşt olunacaq (bu imtiyaz qəbul olanların eyni müddətdə təhsil aldıqları növbəti tədris illərinə də şamil olunur).
Xəzər Universitetindən verilən məlumata görə, istənilən şəxs dövlət sifarişi hesabına pulsuz təhsil ala bilər. Universitet öz hesabına da tələbələrə müəyyən güzəştlər edəcək. 650 baldan yüksək nəticə göstərib, Xəzər Universitetini seçən abituriyentlərə ödənişsiz təhsil imkanlarından yararlanma şansı verilir. 650 bala qədər bal toplayanlara isə təhsil haqqının 75%-i qədər güzəşt ediləcək. Abituriyentin topladığı bala uyğun olaraq 50-10% arası güzəştlər olunacaq.
ADA Universitetində təhsil alacaq tələbələr 2 kateqoriyada təhsil haqqında güzəştlər əldə edəcəklər. Bütün ixtisaslar üzrə bir il müddətinə 600-649 bal toplayan şəxslər 50%, 650-686 bal toplayanlar isə 100% təhsil haqqından azad olunacaq. 687-700 bal toplayanlar isə bütün tədris ili boyunca ödənişsiz təhsil imkanından istifadə edəcək. Riyaziyyat və iqtisadiyyat ixtisasları üzrə 600-648 bal toplayanlar 1 il müddətinə, 649-700 bal toplayanlar isə bütün tədris ili boyunca təhsil haqqından azad olacaq.
Azərbaycan Universitetində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, şəhid ailəsinin üzvlərinin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına, I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Həmçinin Azərbaycanda təhsil alan, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak edərək 600 və yuxarı bal toplayan, amma xarici vətəndaş olduğu üçün (Gürcüstan, Rusiya, İran və s.) dövlət sifarişi əsasında təhsil almaq hüququ olmayan abituriyentlər rahatlıqla Azərbaycan Universitetini seçə bilərlər. Onlar birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən başlayaraq isə orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.
Digər yandan 500-599 arası bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələrə də xüsusi güzəştlər tətbiq olunur. Güzəştin növbəti tədris illərində də tətbiqi tələbənin müvəffəqiyyət göstəricilərindən asılıdır.
Aygün Mirakif,
KONKRET.az