“Son vaxtlar uşaqlar arasında müxtəlif virus infeksiyalarının, xüsusilə də rotavirusun yayılması müşahidə olunur. Bu virus 5 yaşına qədər uşaqların demək olar ki, hamısının yoluxduğu ən yayılmış mədə-bağırsaq infeksiyalarından biridir. Rotavirus əsasən qusma, ürəkbulanma, qarın ağrısı və şiddətli diareya ilə müşayiət olunur. Xəstəlik, xüsusilə də körpələr və azyaşlı uşaqlar üçün ciddi su və elektrolit itkilərinə, nəticə etibarilə isə ağırlaşmalara – bəzən isə qıcolmalara səbəb ola bilər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında professor Adil Qeybulla deyib. Həkim uşaqlar arasında yayılan təhlükəli virus barədə əhaliyə xəbərdarlıq edib:
“Rotavirus infeksiyasına yoluxan uşaqlar mütləq yataq rejimində saxlanmalı və bol maye qəbul etməlidirlər. Elektrovit və ya digər elektrolit tozları/məhlulları vasitəsilə bədənin su-duz balansı bərpa edilməlidir. Bu tədbirlər xəstəliyin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır.
Təəssüflə qeyd edilməlidir ki, rotavirusun bu qədər geniş yayılmasının əsas səbəblərindən biri vaxtında vaksinasiya olunmama, uşaqlarda immun sistemin zəifliyi, düzgün və balanslı qidalanmanın olmaması, həmçinin uşaq bağçalarında və kollektiv məkanlarda gigiyena qaydalarına əməl edilməməsidir. Bu hallar virusun daha geniş epidemioloji ərazidə yayılmasına şərait yaradır”.
A.Qeybulla onu da vurğulayıb ki, rotavirus infeksiyasının qarşısının alınması üçün profilaktik tədbirlər zəruridir:
“Bağçalarda, uşaq evlərində və xəstə uşaqların olduğu məkanlarda dezinfeksiya və təmizlik işləri gücləndirilməlidir. Əl yuma vərdişi uşaqlara kiçik yaşlardan aşılanmalı, tualet və yeməkdən əvvəl gigiyenaya diqqət artırılmalıdır. Hərarəti və ishalı olan uşaqların kollektivə buraxılması müvəqqəti dayandırılmalıdır.
Bununla yanaşı, kütləvi informasiya vasitələrində – televiziyalarda, sosial şəbəkələrdə və digər media platformalarında rotavirus və digər infeksiyalardan qorunma yolları ilə bağlı geniş maarifləndirmə kampaniyaları aparılmalıdır. Valideynlərə, baxıcı və müəllimlərə gigiyena və sanitar normalar, qidalanma və immunitetin gücləndirilməsi ilə bağlı praktiki tövsiyələr verilməlidir.
Unutmamalıyıq ki, bu kimi virusların yayılmasının qarşısını almaq üçün təkcə səhiyyə orqanlarının deyil, bütün cəmiyyətin üzərinə məsuliyyət düşür. Maarifləndirmə, vaxtında vaksinasiya və gigiyenik qaydalara əməl edilməsi uşaqları xəstəlikdən qorumağın ən təsirli yollarındandır. Əks halda, bu xəstəliklərin yayılmasının qarşısını almaq çətinləşəcək və nəticələr daha ağır ola bilər”.