Mövsümi qrip xüsusilə immun sistemi zəif olan uşaqlarda daha ağır fəsadlara səbəb ola bilər. A və B tipli qrip viruslarının yaratdığı infeksiyalar bəzən sadə simptomlarla məhdudlaşmır, müxtəlif sağlamlıq riskləri yaradır.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, həkimlərin açıqlamasına görə, uşaqlarda qrip ən çox aşağıdakı 4 problemi törədir:
Pnevmoniya (ağciyər iltihabı) – Qripin ən təhlükəli fəsadlarından biri hesab olunur və xəstəxanaya yerləşdirilmə ehtimalını artırır.
Dehidratasiya – Qusma, yüksək temperatur və iştahasızlıq səbəbilə uşaqlarda su-duz itkisi tez baş verir.
Mövcud xroniki xəstəliklərin kəskinləşməsi – Astma və ürək xəstəlikləri qrip zamanı daha ağır şəkildə özünü göstərə bilər.
Sinüzit və qulaq infeksiyaları – Qripdən sonra tez-tez yanaşı infeksiyalar inkişaf edir.
Həkimlər valideynlərə tövsiyə edir ki, uşaqları mövsümə uyğun qoruma tədbirləri ilə təmin etsinlər və qrip peyvəndini vaxtında etdirməyi unutmasınlar.
